Martın 12-də Azərbaycan həbsxanalarında cəza çəkən 5 nəfər Iran vətəndaşı öz ölkəsinə yola salınıb. Bunun əvəzində də Iran həbsxanalarında cəza çəkən 4 Azərbaycan vətəndaşı geri qaytarılıb. APA-nın xəbərinə görə, məhbuslar cəzalarının qalan hissəsini öz ölkələrində çəkəcəklər.
Iran Xarici Işlər nazirliyinin sözçüsü Hüseyn Cabiri Ənsari bildirib ki, mübadilə iki ölkə arasında ekstradisiya müqaviləsi əsasında həyata keçirilib.
Hüseyn Cabiri Ənsari qeyd edib ki, məhbus mübadiləsi Novruz bayramı ərəfəsində də olacaq.
Redaksiyamıza daxil olan məlumata görə, Iran Azərbaycanda həbs olunan dindarların da azadlığa buraxılmasını istəyir. Bildirilir ki, bu məsələ ölkə başçısı Ilham Əliyevin Iran səfərində, xüsusilə Iranın ali dini rəhbəri Əli Xamneyilə görüşdə də ciddi müzakirə mövzusu olub. Məlumata görə, görüşdə müəyyən razılıq da əldə olunub və hakimiyyət Novruz bayramında həbs olunan dindarlardan da bir qrupunu azadlığa buraxmağı qərara alıb.
Təsadüfi deyil ki, Ilham Əliyev Iran səfərindən qayıdandan az sonra Nardaran hadisələrinə görə həbs olunan bir qrup şəxsin işi məhkəməyə göndərilib.