Müzəffər Baxışov: «Mərkəzi Bank özü maraqlı olmalıdır ki, bu sənədin kim tərəfindən və hansı məqsədlə yayılmasını araşdırsın»
Samir Əliyev: «Bayram günləri bu tip halların təkrarlanmaması üçün Mərkəzi Bank opretaiv şəkildə məsələlərə reaksiya verməlidir»
Bir neçə gün əvvəl sosial şəbəkələrdə Mərkəzi Banka aid olduğu bildirilən sənədin şəkli yayıldı. Sənəd 18 mart 2016-cı il tarixindən etibarən manatın ABŞ dollarına nisbətdə məzənnəsinə dair kommersiya banklarına ünvanlanan məktub idi.
Mərkəzi Bankın rəsmi blankında kommersiya banklarına göndərildiyi bildirilən məktubda martın 18-dən etibarən dolların kursunun 1,28 manata endiriləcəyi, üzən məzənnə siyasətindən imtina ediləcəyi və təkvalyutalı siyasətə keçiləcəyinə aid məlumat verilir. Məktub sosial şəbəkədə yayılan kimi ciddi müzakirələrə məruz qaldı. Saxta sənəd dollar alqı-satqısına dərhal təsir etdi. Spekulyativ bu addım bu addım bir neçə saat sonra MB tərəfindən təkzib olundu.
MB-dən bildirdilər ki, məktub saxtadır, ictimaiyyət arasında çaşqınlıq yaratmaq məqsədi daşıyır. “Manatın ABŞ dollarına nisbətən məzənnəsi Mərkəzi Bankın bəyan etdiyi idarə olunan üzən məzənnə siyasəti rejiminə uyğun olaraq valyuta bazarında tələb və təklif əsasında müəyyən olunur”, deyə bəyanatda vurğulandı.
Amma bu kimi çaşdırıcı xəbərlər ölkədə hazırda maliyyə böhranının yaşandığı bir zamanda olduqca təhlükəlidir. Bu baxımdan müvafiq strukturlar bu saxta sənədin yayılmasının arxasında dayanan şəxslərin cəzalandırılması vacibdir.
Hüquqşünas Müzəffər Baxışov bildirdi ki, MB-nin adından yayılan sənəd saxta olduğundan heç bir hüquqi əhəmiyyəti yoxdur. Sadəcə bu tip sənəd ictimai şüura təsir edə bilər: “Sənəd saxtadırsa o heç bir hüquqi nəticə doğura bilməz. Burada məsələ də bir qədər qəlizdir. Çünki sənəddə hazırda mövcud olan məzənnədən aşağı məzənnə təklif olunur. Əgər bu məzənnə yuxarı təklif olunsaydı, o zaman iqtisadiyyatda ajiotaj yaratmaq cəhdi kimi dəyərləndirilə bilərdi. Amma bu sənədin ortaya çıxması cəmiyyətdə panika yayır. Mərkəzi Bank özü maraqlı olmalıdır ki, bu sənədin kim tərəfindən və hansı məqsədlə yayılmasını araşdırsın”.
Iqtisadçı Samir Əliyev bildirdi ki, bu tip məlumatlar bazarda ajiotaj yaratmağa xidmət edir. Bu isə o anlama gəlir ki, vətəndaşlar bu tip məlumatlara inanaraq əllərində olan dolları satışa çıxararaq baha qiymətə olan dollardan imtina edəcəklər. S.Əliyevin sözəlrinə görə, eyni zamanda başqa bir məlumat – dolların 2 manat və daha artıq ola biləcəyi ilə bağlı da məlumat çıxa bilər: “Məzənnə oynamasından daha çox pul qazanmaq istəyən insanlar qazanc əldə etmək istəyi ilə bu cür məlumatları yaya bilərlər. Dövlətin vəzifəsi bu tip məlumatlara dərhal reaksiya verməkdir. Çünki Mərkəzi Bank bu məsələyə vaxtında cavab verməsəydi ciddi proseslər baş verə bilərdi. Və ya təsəvvür edin ki, bu məlumat bayram günləri yayılır. Mərkəzi Bank işləmədiyinə görə bazarda ciddi proseslər baş verə bilər. Ona görə bayram günləri bu tip halların təkrarlanmaması üçün Mərkəzi Bank opretaiv şəkildə məsələlərə reaksiya verməlidir”.
Xəyal