Əgər Avstriya məhkəməsi bu adamı korrupsiyada ittiham edirsə…
Birmənalı şəkildə demək olar ki, bu hökumətlə bağlı hər hansı müsbət xəbər eşitmək mümkün deyil. Hansı məmurun “həyat və yaradıcılığı”na nəzər salsaq, çirkli nümunələr tapılacaq. Dünyanın nüfuzlu qəzet və jurnallarında, beynəlxalq təşkilatların hesabatlarında, mötəbər qurumların iclaslarında Azərbaycandakı korrupsiya, qanunsuzluq, repressiya müzakirə olunur.
Artıq bu hökumətin anti-xalq mahiyyəti heç kimə sirr deyil. Bir nazirin cinayət yuvası yaratdığı üzə çıxır, bir nazirin üçqat agent olduğu bildirilir, bir məmurun 247 evi tapılır, prezidentin Bodrumdakı villasının fotoları yayılır, generalın xüsusi həbsxana saxladığı məlum olur, deputatın mandat alveriylə məşğul olduğu təsdiqlənir və s.
Yəni, qulaqlarımız hər gün bu tipli xəbərlər eşidir. Amma hökumətimiz izahat vermək, istefaya getmək, utanmaq əvəzinə, bu çirkabları üzə çıxaranları ermənipərəstlikdə ittiham edir. Beynəlxalq təşkilatlar Azərbaycandakı korrupsiyanın miqyasını açıqlayanda “ikili standartlar”, “qərəz”, “erməni lobbisi” deyib, aləmə car çəkirlər.
Bugünlərdə Avstriyada Azərbaycan manatının çapı ilə bağlı korrupsiya qalmaqalı yenidən gündəmə gəlib. Söhbət manatın çapının məhz Avstriya şirkətinə həvalə olunması üçün Azərbaycan Mərkəzi Bankının rəhbər şəxslərilə korrupsiya razılaşmasına dair cinayət işindən gedir. Avstriya Mərkəzi Bankının sədr müavini, 64 yaşlı Volfanq Duçazek, bankın pul əskinaslarının çapına məsul törəmə şirkəti olan “OeBS”in baş direktoru Maykl Vulf da daxil olmaqla, ümumilikdə 9 nəfərin ittiham olunduğu iş üzrə Vyana məhkəməsi bir müddət əvvəl qərar versə də, nəticə prokurorluğu qane etməyib. Prokurorluq bu cinayət işinin ölkənin Ali Məhkəməsində araşdırılmasını istəyir. Cinayət işinin materiallarına əsasən, “OeBS” şirkəti əskinasların çapı ilə bağlı Azərbaycan və Suriya ilə müqavilə bağlayarkən bu ölkələrin Mərkəzi banklarının rəhbərlərilə korrupsiya razılaşmasına gediblər.
Iş materiallarında göstərilib ki, 2005-2011-ci illərdə Azərbaycan və Suriya Mərkəzi banklarının rəhbərləri – Elman Rüstəmov və Adib Mayale də daxil olmaqla, bu ölkələrin rəsmilərinə ümumilikdə 14 milyon avro pul verilib. Bağlanmış müqavilələrdə Azərbaycan Mərkəzi Bankının Idarə Heyətinin sədri Elman Rüstəmov və onun müavini Abdulla Məlikaslanovun imzaları olduğu bildirilir. Məhkəmədəki ifadələrdən o da məlum olmuşdu ki, müqavilədəki vəsaitin bir hissəsi offşor hesablara köçürülməklə, qalanı da nəğd şəkildə kisələrə doldurulub Bakıya yola salınmaqla qaytarılıb.
Göründüyü kimi bu məsələdə hər hansı qərəzdən, erəmnipərəstlikdən söhbət gedə bilməz. Ortada faktlar var, imzalar var, məhkəmə prosesi də davam edir. Azərbaycan tərəfi isə susur. Nə təkzib edə bilirlər, nə də təsdiq. Əgər hökumət ən yüksək səviyyədə bu işin içində deyilsə, dərhal cinayət işi açılmalı və adı hallanan şəxslər məsuliyyətə cəlb olunmalıdır. Bu həm də dövlətin imiciylə bağlı məsələdir. Ölkənin baş bankiri korrupsiya cinayətinin iştirakçısına çevrilibsə, həmin ölkə heç vaxt etibarlı tərəfdaş kimi tanımaz, bu ölkəyə heç kim sərmayə yatırmaz. Çünki, açıq şəkildə görünür ki, iqtisadiyyatın əsas sütunlarından olan bank sektoru çirkli adamların əlindədir.
Hökumət bu məhkəmə prosesinə necə münasibət bildirəcək? Artıq bu məsələdə “erməni” ittihamı keçərsizdi. Bir müddət əvvəl ifadə vermək üçün adı çəkilən şəxsləri məhkəmə prosesinə cəlb etmişdilər.
Eyni zamanda bu fakt başqa məqamlara da işıq salır. Böyük ehtimalla Mərkəzi Bankın rezervlərinin əriməsində, manatın saxlanması üçün sərf olunana milyardların taleyində də korrupsiya izi var. Avstriya məhkəməsinin üzə çıxardığı faktlardan sonra, kim iddia edə bilər ki, Mərkəzi Bank vasitəsilə milyardlar oğurlanmayıb?
Ölkə korrupsionerlərə tapşırıldığı üçün milli valyuta hər gün ölür, rezervlər tükənir, xarici borc artır, büdcə boşalır və s.
Xülasə, hökumət baş verənlərə münasibət bildirməlidir. Ölkədəki saxta və sifarişli məhkəmələrdən fərqli olaraq, Avstriyadakı məhkəmə real faktlara söykənir. Görünən budur ki, təhlükəsizlik, maliyyə siyasəti, bank sektoru təhlükəli adamalara etibar edilib. Çünki, hökumət də belə adamların əlindədir.
Samir