Bir müddət əvvəl həbsdən şərti azadlığa buraxılan hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşı Arif Yunus oktyabrın 13-də hazırda həbsdə olan jurnalist Xədicə İsmayılın anası Elmira xanımı ziyarət ediblər. Onları jurnalist və ictimai fəal Aynur İmran müşaiyət edib.
Aynur İmran özünün feysbuk səhifəsində Leyla Yunusun Xədicə İsmayıl və ölkənin indiki vəziyyəti haqda qısa çıxışını yayıb. Video-çıxışı və onun mətnini təqdim edirik.
Elşən bəyə, Aynur xanıma çox minnətdaram. Bu gün, martın 13-də onlar mənə və Arifə Xədicənin anası, bizim əziz Elmira xanımın yanına getməyə kömək etdilər. O, mənimlə Arifi tanış edən müəllimimiz Maya xanımı da tanıyırdı. Xeyli xoş xatirələri yada saldıq. Həqiqətn də Elmira xanım kimi gözəl ana Xədicə kimi qəhrəman bir qızı tərbiyə edib.
İllər keçəcək, nələrsə dəyişəcək, nələrsə qalacaq. Biz bu diktaturadan, bu dəhşətdən qurtulacayıq. Ancaq Xədicənin adı qalacaq. Xədicə kimi adam qalacaq.
2005-ci ildə Sülh və Demokratiya İnstitutu “Özbəkistan və Azərbaycanda insan hüquqlarının vəziyyətinin müqayisəsi” adlı kitab dərc etdi. Bu iki diktaturanı birləşdirən xeyli ümumi cəhətlərdən yazdım. Ancaq qeyd etmişdim – fəqrimiz ondadır ki, Özbəkistanda işgəncələrə məruz qalan qadın siyasi məhbuslar var. Azərbaycanda isə bu yoxdur və ola da bilməz. Çünki Azərbaycanda bizim Qafqaz və milli ənənələrimizə hörmət edirlər. Ancaq mən 9 il gecikdim. Əvvəl mən, sonra Xədicə göstərdik ki, bu rejimlərdə belə anlayış yoxdur. Qorxurlar, qadınlardan da qorxurlar. Bu gün, Xədicənin kitabının təqdimatı günü Elmira xanıma güc və sağlamlıq arzulayıram. Onları ruhən sındırmaq mümkün deyil.