Daşkəsən rayonunda Çovdar yatağından qızıl çıxaran AIMROC şirkətinin bir qrup işçisi etirazlarını çatdırmaq üçün martın 10-da yenidən Prezident Administrasiyasının qarşısına toplaşıblar. Onların dediyinə görə, iki gündür Administrasiyanın qəbul otağının qarşısındakı kiçik parkda qalırlar, hətta orada da gecələyirlər.
Günorta saatlarında Prezident Administrasiyasının qarşısına gedərkən şirkətin fəhlələrinin orada nahar etdiklərinin şahidi olduq. Imkan tapıb dərdlərini də bölüşdülər: “Bunlar nə vaxt insafa gələcək? Dövlət məmurlarının başımıza açdığı bu nə oyundur? Iki gündür buradakı skamyalarda gecələyirik. Pulumuz da qalmayıb, acından ölməmək üçün hərə bir-iki manat qoyub kolbasa-çörəklə nahar edirik…”
Fəhlələrdən biri Prezident Administrasiyasının binasını göstərərək deyir: “Onlar hamısı oturublar isti kabinetlərdə kreslolarında, biz isə burada zülm çəkirik. Imkanımız da yoxdur. O zavodda 200 nəfərdən artıq işçi çalışıb, amma hamının imkanı yoxdur bura gəlməyə. Birtəhər pul toplayıb, 20 nəfərdən artıq işçi gəlmişik bura. Amma bizi nə dinləyən var, nə qəbul edən…”
AIMROC şirkəti ilə “Muğanbank”ın nə əlaqəsi var?
AIMROC şirkətinin işçilərindən birinin sözlərinə görə, onları məzuniyyətə buraxanda iki aylıq əməkhaqqının tam veriləcəyini vəd etmişdilər: “Demişdilər ki, iş bərpa olunan kimi isə kompensasiya ödəniləcək. Müqaviləyə görə, işləmədiyimiz dövrdə əməkhaqqımızın üçdə iki hissəsi ödənilməli idi. Indi isə nə pulumuzu verirlər, nə də sənədlərimizi. Sanki hansısa qara qüvvənin əlində aciz qalmışıq. Biz onlardan heç nə istəmirik, qanuni sənədlərimizi istəyirik. Deyirlər, şirkət yoxdur. Əgər şirkət yodursa, sahibi qaçıbsa, onun möhürü ”Muğanbank”da nə gəzir? “Muğanbank”la bu şirkətin nə əlaqəsi var? Əgər şirkət yoxdursa, möhürü də olmasın, biz də birdəfəlik bilək ki, yerli-dibli yoxdur. Dünəndən burdayıq, heç bir nəticəsi yoxdur”.
Növbə rəisi vəzifəsində çalışan Valeh Ismayılov deyir ki, şirkəti təmsil edən bir nəfərin ortaya çıxıb məsələyə aydınlıq gətirməsini istəyirlər: “Prezident Aparatı bunu təmin edə bilmir, yoxsa təmin etmək istəmir – bunu da bilmirik. Yəni bir nəfər bizə konkret cavab versin ki, bu şirkət açılacaq, ya yox. Bizim pulları verəcəklər, ya yox. Qalmışıq yollarda. Artıq pulumuz da qurtarıb. Qarşıdan da bayram gəlir. Evdə uşaqlara nə deyək? Dövlət məmurları hamısı bayram keçirəcək, bizim isə bayramımız qara gəlir. Biz kimə müraciət edək, dərdimizi kimə deyək?!
Dünəndən qalmışıq burada, bir nəfər yaxınlaşıb demir ki, bu dövlət idarəsinin qarşısında nə edirsiz? Gedirik məhkəmələrə, orada da ötür-ötür oyunu. Bu ilin yanvar ayında Ekologiya və Təbii Sərvətlər naziri ilə görüşdük, dedilər 10 gün gözləyin. Biz artıq iki ildir ki, gözləyirik, nə AIMROK şirkətinin bağlandığını demirlər, nə də işin nə vaxt başlayacağını…”
Nəcəf Məmmədov isə 2012-ci ilin avqustundan şirkət işini dayandırana qədər – 2014-cü ilin aprelinə qədər qızılın çıxarılması və bərpası üzrə növbə rəisi vəzifəsində çalışıb: “Biz var gücümüzlə çalışmışıq. Məsələn, müdiriyyət plan qoyanda ki, 150 kiloqram qızıl emal olunmalıdır, üç növbə işləyib, istəyimizə nail olurduq. Dəqiq deyə bilməsəm də, iki il ərzində 3 tona yaxın qızıl istehsal etmişik. Düzdür, biz dəqiq rəqəm deyə bilmirik. Bu məlumatların dəqiqliyini laboratoriya bilirdi. Biz onlardan soruşanda demişdilər ki, 3 tona yaxın istehsal olub. Amma görürdük ki, ərimə prosesi gedir, hazır məhsullar külçə şəklində mühafizə maşınlarına yüklənərək aparılırdı”.
Məhkəmələrin ötür-ötür oyunu
Etirazçıların sözlərinə görə, şirkətin Gəncə şəhəri, Zülfü Hacıyev küçəsində ofisi olub. Bakıdakı ofisi isə Yasamal rayonu ərazisində yerləşib. Amma şirkət fəaliyyətini dayandırandan sonra bu ofislərdə heç kimi tapmaq mümkün deyil: “Ofisin Bakıdakı ünvanına görə Yasamal Rayon Məhkəməsinə müraciət etdik. Məhkəmənin hazırlıq iclası oldu, bildirdilər ki, şirkət həmin ünvanda yerləşmir, Xətai rayonu ərazisinə köçüb. Indi məcburuq ki, Xətai Rayon Məhkəməsinə müraciət edək”.
Şirkətin əsl sahibinin kimliyinə gəlincə, etirazçılar deyir ki, bu barədə onlarda dəqiq məlumat yoxdur.
Şikayətçilər əllərindəki sənədləri, əmək müqavilələrini, maaş kartlarını təqdim edirlər. Onların əllərindəki maaş kartları “Paşabank” və “Xalqbank”a məxsusdur.
Şikayətçilərdən Mehman Ismayılov deyir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, eləcə də Əmək Müfəttişliyinə dəfələrlə müraciət ediblər: “Idarənin rəisi Fuad Əlizadə son zamanlar bir ”xoş xəbər verib ki, nəhayət, şirkəti tapıblar. Amma biz görməmişik. Əvvəllər deyirdilər belə bir şirkət mövcud deyil. Biz Ekologiya və Təbii Sərvətlər Nazirliyində olanda bildirmişdilər ki, belə şirkət yoxdur. Hətta biz onlara təsdiqedici sənədlər də təqdim elədik, amma yenə əvvəlki fikirlərində qaldılar. Amma indi onun mövcudluğunu təsdiqləyirlər. Bu, bizim qələbəmizdir. Insanlardan qorxmurlarsa, heç olmasa, Allahdan qorxsunlar. Heç kimi bizi dinləmir, arada bir polis gəlib baxıb gedir, səsimizi çıxaran kimi də aparırlar polis bölməsinə. Gəlsinlər aparsınlar, ora burdan yaxşı olar, heç olmasa, yatmağa orda yer var, burada isə skamyaların üstündə yatırıq”.
Daha bir şikayətçi deyir ki, qardaşı Elmir Ələsgərov 2013-cü ilin yanvarında istehsalatda travma alıb. Hazırda ikinci qrup əlildir. Ona qanunda nəzərdə tutulan sığorta pulunu da vermirlər. “Atəşgah” sığortadan deyiblər ki, AIMROC şirkəti ödəniş etmədiyinə görə, onlar da vətəndaşın sığorta pulunu ödəmirlər: “Öyrənmişik ki, 2013-cü il ərzində bizdən tutulan gəlir vergisi və sosial fondlara olan ödənişlərimiz də yerinə çatmayıb. Demək, şirkət vergidən də yayınıb”.
Şikayəçilərdən Yəhya Verdiyev deyir ki, şirkətdə işləyəndə kredit götürüb, pulunu ala bilmədiyinə görə krediti də ödəyə bilmir: “Məhkəmə qərar çıxarıb. Yenə də ödəmə qabiliyyətim olmadığına görə inzibati həbslə cəzalandırıblar. Bildiriblər ki, ödəməsəm, yenə həbs edəcəklər. Mənim pulumu vesinlər, mən də kreditimi ödəyim”.
Əməkhaqlarının məbləğinə gəlincə, deyirlər ki, ən aşağı maaş 705 manat olub.
***
Xatırladaq ki, hazırda həbsdə olan jurnalist Xədicə Ismayıl “Qızıl mədənlərində Əliyevlərin payı” adlı araşdırmasında göstərir ki, AIMROC-u 4 şirkət yaradıb: Londex Resources, S.A., Willy and Meyris S.A., Fargate Mining Corporation və Globex International LLP. Amma əslində “Globex” Panamada qeydiyyatdan keçmiş 3 şirkətə məxsusdur.
Panamanın dövlət qeydiyyatı reyestrinə görə, hər üç şirkəti idarə edənlər arasında prezident Əliyevin iki qızı və isveçrəli biznesmen Oliver Mestelanın adı var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi məlumatına görə, Çovdardakı qızıl yatağında 44 tondan artıq qızıl, 164 tondan artıq gümüş var. Bu da ümumilikdə 2.5 milyard dollar dəyərində sərvətdir.
Təzəxan Mirələmli