“The Guardian” qəzeti yazır ki, ağlamaq ürək boşaltmağın bir yolu olmaqdan başqa həm də sağlamlığa xeyir imiş. Lakin heç də bütün alimlər belə düşünmürlər.
Qəzet yazır: “Son 140 ildə ağlamaq haqqında mətbuatda dərc olunmuş məqalələrin təhlili göstərib ki, yazıların 94 faizində onun xeyrindən bəhs olunub”.
Xərçəng, astma və yüksək qan təzyiqi kimi xəstəliklərin kifayət qədər ağlamamaqla bağlı olduğu söylənir.
Huffington Post saytında dərc olunmuş bir bloqda isə kişilərə daha çox ağlamaq məsləhət görülür.
Qəzet yazır ki, istər sevincdən, istərsa də kədərdən ağlamaq sırf insana bağlı xüsusiyyətdir, hərçənd fillərin və dəvələrin də ağladıqları barədə məlumatlar var.
Məqalədə deyilir ki, ağlamaq mədəniyyətlə bağlı məsələdir. Məsələn İndoneziyanın Toroja tayfasında kiminsə ölümünə ağlamaqdan başqa bütün ağlamaqlar qeyri-sağlam əməl sayılır. Bu tayfanın inamına görə ağlamaq adəti erkən ölümlərə səbəb olur.
35 ölkədən 5000 insanın ağlamasını araşdırmış professor Ad Vingerhoets “Nə üçün yalnız insanlar hönkürürlər və ya göz yaşlarının sirri” kitablını yazıb.
Hollandiyanın Tilburq şəhərindən olan alim yazır ki, orta hesabla bir qadın il ərzində 30-64 dəfə ağlayır. Kişilər üçün bu rəqəm ildə 6 dəfədən 17 dəfəyədəkdir.
Vingerhoets güman edir ki, kişiləri ağlamaqdan saxlayan testosteron hormonudur və əksinə prolaktin maddəsi qadınların ağlamasına kömək edir.
Böyüklərin ağlaması elmi cəhətdən araşdırılmayıb və bunun sağlamlıq üçün nə qədər yaxşı bir şey olduğu bəlli deyil.
Aparılmış rəy sorğuları göstərir ki, adamların 60-70 faizi ağlamağın onları yüngülləşdirdiyini bildirib.
Lakin Kaliforniya Universitetində aparılmış təcrübə zamanı 150 qadına “Polad maqnoliyalar” filmindən ananın öz qızının ölümünə ağladığı epizod göstəriləndə, onlardan 33-ü ağlasa da, 117-si ağlamayıb.
Ağlayanlar bildiriblər ki, sonradan daha çox kədər və narahatlıq hissi keçiriblər. Bu təcrübəni aparanlar belə bir nəticəyə gəliblər ki, ağlamaq, əksinə daha böyük narahatlıq yaradır.
“The Guardian” yazır ki, ağlamaq çox vaxt çarəsizliklə bağlı emosiyadır və yalnız məsələnin həllinə yol açanda xeyirli sayıla bilər.
Başqa araşdırmaların nəticələrində isə deyilir ki, ağlamaq başqa insanların ovutmasına və təsəlli verməsinə səbəb olur və buna görə də müsbət reaksiya sayıla bilər.
Lakin ağlamaq utanc hissi ilə bağlıdırsa, heç bir toxtaqlıq gətirmir.
“The Guardian” yazır ki, bir şeyə tamamilə əmin olmaq olar. “Ağlamaq istəyirsinizsə ağlayın, təki kədəriniz olmasın”. (BBC azeri)