Səid Nuri: “Smit kimi konqresmenin müəllifi olduğu layihənin ciddiliyinə şübhə etmək, axmaqlıq olardı”
“Tramp ilkin seçkilərdə hətta səslərin əksəriyyətini qazansa belə, böyük ehtimalla Respublikaçılar Partiyasının namizədi olmayacaq”
Vaxtilə Azərbaycanın ictimai-siyasi çevrələrində çox populyar gənclərdən biri olan, buradakı təzyiqlərdən baş götürüb ABŞ-a mühacirət edən Səid Nuri indi də o ölkənin siyasi həyatında fəal iştirakçılardan biridir. Artıq ABŞ vətəndaşı olan Səid Nuri hazırda seçki kampaniyasında namizədlərdən birinin qərargahında çalışır. Onunla ABŞ-ın növbəti prezidentliyi uğrunda gedən yarış, onun mümkün nəticələri, Azərbaycan hakimiyyətinə qarşı nəzərdə tutulan sanksiyalar qanunu barədə söhbətləşmişik. Müsahibəni təqdim edirik:
– Səid bəy, Amerika siyasi həyatında aktivliyi ilə fərqlənən azərbaycanlısız. Planlarınız nədən ibarətdir, Amerika siyasətində haralara qədər irəliləmək fikrindəsiz?
– 8 ildir ki, siyasi mühacir kimi Amerika Birləşmiş Ştatlarında yaşayıram, bu ölkənin vətəndaşıyam. Bura gəldiyim ilk gündən bu ölkənin ictimai və siyasi həyatında aktiv olmağa çalışmışam, amma təəssüf ki, bəzən vaxt azlığından, bəzən başqa ölkələrdə səfərdə olduğumdan bu, hər zaman alınmayıb. İllinois ştatının yeni seçilmiş qubernatoru Brus Raynerin, Viskonsin ştatının qubernatoru Skot Volkerin seçki kampaniyalarında aktiv iştirak etmişəm. Bu ölkəni və insanlarını çox sevirəm. 2006-cı ildə Əliyev rejiminin repressiyası səbəbindən Azərbaycanı tərk edəndə mənə ilk sığınacaq təklif edən ölkə Amerika Birləşmiş Ştatları olub. 2 il əvvəl Azərbaycana səfər edən zaman yenidən bu repressiya ilə və həbs təhlükəsi ilə üzləşəndə məni müdafiə edən yenə Amerika Birləşmiş Ştatları olub. Planım demokratik dəyişikliklərdən sonra Azərbaycana qayıtmaqdır. Lakin bu dəyişikliklərin nə zaman olacağı məndən asılı olmadığından, bacardığım qədər siyasi proseslərdə aktiv olmağa, təcrübə öyrənməyə çalışıram. Planımda bu il yaşadığım İllinois ştatının qanunverici orqanına namizədliyimi vermək var idi, lakin lazım olan maliyyə dəstəyini tapmadığımdan, planımı təxirə salıb, bu il baş tutacaq çox mühim prezident seçkilərində tanıdığım və inandığım namizədə dəstək vermək qərarına gəldim.
– Tanıyıb-inandığınız namizəd Respublikaçı Ted Kruzdur. Bilirik ki, onun kampaniyasında iştirak edirsiz. Lakin praymerizdə Respublikaçıların lideri Trampdır. Belə nəticəni kampaniyanın əvvəlindən sizin namizədin qərargahında proqnozlaşdıra bilirdilərmi?
– Bu il keçiriləcək prezident seçkilərinin çox mühim olmaqla yanaşı, həm də çətin olacağı hələ əvvəldən çoxlarına məlum idi. Demokrat Partiyasında Klintonun namizədliyi öncədən çoxlarında şübhə doğurmasa da, ötən il Respublikaçıların prezidentliyə 17 namizədi var idi. Tramp hazırda sorğuların çoxunda liderlik etməklə yanaşı, bu günə qədər keçirilimiş ilkin seçkilərdə ən çox nümayəndə qazanmış namizəddir. Çoxları üçün gözlənilməz olsa da, Trampın uğurunun real səbəbləri var. Ən böyük səbəb sadə amerikalıların siyasətçilərə inamının olmasıdır. Bir faktı demək istəyirəm – hazırda ABŞ Konqresinə olan etimad dərəcəsi 14%-dir. Yəni insanların 80%-dən çoxu Konqresin fəaliyyətindən narazıdır. İkinci böyük amil Trampa qarşı bir yox, çox namizədin olmasıdır. Trampın indiyə qədər keçirilmiş ilkin seçkilərdə ən çox 45% səs topladığını nəzərə alsaq, seçicilərin böyük əksəriyyətinin onun əleyhinə olduğunu görərik. Sadəcə, öncə də qeyd etdiyim kimi, Tramp onun əleyhinə olan səslərin digər namizədər arasında bölünməsi fonunda qələbə qazana bilir. Üçüncü ən böyük səbəb Respublikaçı elektoratın əksəriyyətinin partiyanın özəyinə inamının azalmasıdır. Bəli, mən bu seçkilərdə Ted Kruzu dəstəkləyirəm və əminəm ki, digər namizədlərlə müqayisədə onun şansı daha çoxdur. Təəssüf ki, bir neçə ştatda gözlədiyimiz uğuru reallaşdıra bilmədik, amma buna baxmayaraq, nikbinik.
– Praymerizlərin indiyə qədər olan nəticələrinə əsasən prezidentliyə namizədləri artıq elan edilmiş saymaq olarmı? Respublikaçıların daxilində praymerizin nəticələrinə baxmayaraq, başqa bir namizəd irəli sürmək mexanizmi və imkanı varmı?
– Proqnoz verməyi sevmirəm, amma Trampın, ilkin seçkilərdə hətta səslərin əksəriyyətini qazansa belə, Respublikaçılar Partiyasının namizədi olmaması ehtimalı çox böyükdür. Ən azından ona görə ki, istər Konqresdə, istər Senatda, istərsə də ayrı-ayrı ştatlarda partiyanın liderləri Trampın namizəd olmasını istəmir. Məsələn, ötən ay Viskonsin ştatının 54 yerli lideri arasında keçirilən formal xarakter daşıyan gizli səsvermədə Tramp yalnız 1 səs qazandı. Hazırkı namizədlərdən heç kim tələb olunan 1237 nümayəndə qazana bilməsə, partiya daxilindən prezidentliyə namizədin kimliyi iyulda keçiriləcək qurultayda məlum olacaq.
– Necə düşünürsüz, Respublikaçıların bu seçkidə Demokratları udmaq şansı Hillarinin (yəqin ki, demokratların namizədi məhz o olacaq) qarşısına Trampınmı, yoxsa bir başqasınınmı çıxmaq perspektivindən nə dərəcədə asılıdır və hansı partiyanın qalib gələcəyi daha çox gözləniləndir?
– Namizədin kimliyi çox mühimdir. Əminəm ki, Trampdan başqa Respublikaçıların hər 2 namizədinin (Kruz və Rubio) Hillari Klintona qalib gəlməsi çox realdır. Bir faktı da unutmayaq – Klintonun nüfuzu o qədər də çox deyil və məhz buna görə də demokratların çoxu Trampın namizəd olmasını istəyir.
– Bəzi belə fikirlər səslənir ki, Amerikanın dərin dövləti bu seçkilərdə məhz ilk qadın prezidentin seçilməsinə qərar verib və buna görə də Hillarinin qələbəsi təmin olunmalıdır. Hətta Respublikaçılardan Trampın önə çıxması da buna xidmət edir. Bu mülahizələri nə qədər əsaslı sayırsız?
– Mən konspirasiya teoriyalarına və dərin dövlət anlayışına inanmıram, amma Tramp amilindən demokratların və konkret Hillari Klintonun qazanacağı şübhəsizdir.
– Siz bugünlərdə Konqresin spikeri Paul Ryanla görüşünüzdən foto paylaşmışdız. Yetərincə maraqla qarşılandı. Hər halda Amerika vətəndaşı olsa da, Azərbaycandakı demokratik düşərgəni müdafiə edən bir azərbaycanlı fəalın belə yüksək səviyyədə görüşü bizim müxalifətdə də, iqtidarda da müəyyən ovqat yaradan hadisədir. Sirr deyilsə, görüş hansı şəraitdə baş tutdu və nələri müzakirə etdiniz? Cənab Ryanın Azərbaycanda insan haqları və demokratiyanın vəziyyəti barədə baxışları nədən ibarətdir?
– Cənab Paul Ryan Viskonsin ştatından seçilmiş konqresmendir. Onunla o spiker seçilməmişdən öncə də bir neçə dəfə görüşümüz olmuşdu və hətta iqtidar mətbuatı bunu özünəməxsus formada təqdim də etmişdi. Öncə də qeyd etdiyim ki, Viskonsin ştatının qubernatoru Skot Volkerlə, senator Ron Consonla, ictimai liderləri, konqressmenləri, o cümlədən Paul Ryanla tanışlığım var. Paylaşdığım şəkil bir neçə həftə əvvəl bir tədbirdə çəkilmişdi. Paul Azərbaycandakı və regiondakı vəziyyətdən kifayət qədər məlumatlıdır. Bundan öncə də Azərbaycanla bağlı müzakirələrimiz olub. Son görüş zamanı da ondan konqresmen Kris Smitin irəli sürdüyü, çoxlarına məlum olan “Azərbaycan Demokratiya Aktı”na dəstək verməsini xahiş etdim. O da Kris Smitlə yaxın dost olduğunu və bu akta dəstək verəcəyini dedi.
– Yeri gəlmişkən, ABŞ Konqresinin göndəliyində Azərbaycan hakimiyyətinə qarşı sanksiyalar layihəsi durur. Layihənin müəllifi Smit son açıqlamasında bu sənədə çox ciddi yanaşdıqlarını bildirib. Bu sənədlə bağlı sizin gözləntiləriniz nədən ibarətdir?
– Kris Smit Konqresin ən hörmətli və təcrübəli üzvlərindən biridir. Reyqan adminstrasiyası dövründən konqresmen kimi fəaliyyət göstərir və kifayət qədər böyük nüfuza malik biridir. Belə bir konqresmenin müəllifi olduğu qanun layihəsinin ciddiliyinə şübhə etmək, axmaqlıq olardı. Müxtəlif tədbirlərdə görüşdüyüm muxtəlif ştatlardan olan konqresmenlər tək Kris Smitin adını eşitməklə bu sənədə heç bir tərəddüd etmədən dəstək olacaqlarını bildiriblər. Bundan da sərt sanksiyalar zamanında Rusiya, Venesuela, İran kimi ölkələr üçün qəbul olunubsa, qoyulan tələblər yerinə yetirilməsə, Əliyev rejiminə qarşı da sanksiyaların tətbiq olunacağı sadəcə, zaman məsələsidir.