Əli Kərimli: “İlham Əliyevin bir il əvvəl Azərbaycan xalqı qarşısında verdiyi optimist açıqlamalar tarmar oldu, yalan çıxdı…”
“Bu hökumət həddindən artıq səriştəsiz imiş”
AXCP sədri Əli Kərimli “Azərbaycan saatı” televiziya proqramının 28 fevral tarixli verilişində ölkədəki böhranlı vəziyyət və hökumətin bu vəziyyətdən çıxmaq üçün hər hansı ciddi addım atmaması barədə çıxış edib. Çıxışın mətnini təqdim edirik:
Azərbaycanlılar heç kimin yaşamadığı qədər ağır böhran yaşayırlar
Azərbaycan çox ciddi sosial-iqtisadi böhranın içindədir. Bugünlərdə birinci devalvasiyadan bir il ötdü. Deməli, bu çətinliklər də bir ildir ki, həyatımızda davam edir. Ötən bir ilin ərzində Azərbaycan manatı 2 dəfə qiymətdən düşüb. Qiymətlər müxtəlif məsullarda 40-100 faiz arası qalxıb. Hətta Dövlət Statistika Komitəsi qiymətlərin 18 faiz qalxmasını etiraf edib, amma hamımız bilirik ki, onlar heç zaman doğru məlumat vermirlər.
Eyni zamanda biz onu da görürük ki, Azərbaycanda milyonlarla adam bank kreditlərinin əlindən çox çətin günlər yaşayır. Yüzlərlə insan sosial çətinliklər üzündən intihar edir. Uzun müddət azərbaycanlıları öyrəşdirdilər ki, bir bankdan kredit götürüb digər bankın kreditini bağlasınlar. Beləcə insanlar 22 milyard kredit yükünün altına giriblər. İndi isə artıq kredit də vermirlər və insanlar çox ağır durumdadırlar.
Bu yaşadıqlarımız ölkənin makro-iqtisadi göstəricilərinə də təsir göstərib. Baxın yalnız bir ilin ərzində – 2014-cü illə müqayisədə 2015-ci ildə Azərbaycanın Ümumi Daxili Məhsulu 22 milyard dollar və ya 29 faiz azalıb. Bilirsiniz ki, uzun illərdir hökumət bütün təbliğatını Ümumi Ddaxili Məhsulun artımı üzərində qurmuşdu. İndi hardadırlar o 3-5 faiz ÜDM-in artımına görə xalqdan əhsən, çoxsağol tələb edən insanlar, niyə onun bir ildə 29 faiz azalmasının izahatını vermirlər?
Ölkənin builki dövlət büdcəsinin gəlirləri 10 milyard dollar nəzərdə tutulur. 2014-cü ildə isə bu rəqəm 28 milyard təşkil edirdi. Dövlət büdcə gəlirlərinin 3 dəfəyə yaxın azalmasından söhbət gedir. Ölkə nəinki böhranda, dəhşətli bir böhrandadır. Təqribən bir əvvəl İlham Əliyevin Azərbaycan xalqı qarşısına çıxıb optimist açıqlamalar verməsi yəqin, yadınızdadır – “Neftin qiymətinin düşməsini Azərbaycan xalqı hiss etməyəcək…”. Həmin o proqnozlar tarmar oldu. Onların hamısı yalan çıxdı. Azərbaycanlılar nəinki bu böhranı hiss etdilər, heç kimin yaşamadığı qədər ağır böhran yaşayırlar.
Kaş ki, heç belə hökumət olmazdı
Uzun müddət Azərbaycan hökuməti nə etdi? Ümumiyyətlə böhranın olduğunu etiraf eləmədi. Biz uzun müddət ancaq israrla onu sübut edirdik ki, bu ölkədə böhran var. Deyirdilər böhran yoxdur. Amma ikinci devalvasiyadan sonra qismən etiraf elədilər. O zaman dedik ki, onsuz da ölkədəki sosial-iqtisadi çətinliklərin bir çoxu sizin yarıtmaz idarəetmənizə görə yaranıb. Neftin qiymətinin düşməsi bu prosesi sürətləndirib. Bir az gec də olsa, bu baş verəcəkdi. Çunki ölkədə real iqtisadiyyat qurulmayıb, neft gəlirləri isə korrupsiya və israfçılıq yolu ilə dağıdılıb. Heç olmasa, indi təcili tədbirlər görmək lazımdır. Təkliflərimizi verdik. Hökumətə də verdik, xalqa da müraciət etdik. Amma bu hökumət nə etdi? Ötən bir ilin ərzində nə etməliydisə, hamısının əksini etdi. Kaş ki, heç belə hökumət olmazdı. Azərbaycanda ümumiyyətlə heç bir hökumət olmasaydı xalqımızın vəziyyəti indikindən xeyli yaxşı olardı.
Kimi aldadırsız bu şəkildə?
Biz təkliflər paketi təqdim edirik ki, inhisar, korrupsiya ləğv olunsun, bu ki çox çətin deyil… Bütün inhisarçılar, korrupsionerlər hakimiyyətin zirvəsindədir. Bir dəfə dövlət başçısı çağırıb onlara desəydi ki, indiyə kimi nə toplamısız kifayətdir, bundan sonra hər şeyə son qoyun, onlar bu göstərişə tabe olacaqdılar. Amma edilmədi. Əvəzində nə oldu? Bir ay xalqı aldatdılar ki, guya gömrükdə şəffaflıq yaradırlar, inhisarı ləğv edirlər, guya ölkəyə mal gətirmək asanlaşacaq. Nə oldu nəticəsi? Bu gün Azərbaycana gətirilən hər bir mal və məhsulun dəyərinin 36 faizini gömrükdə bəri başdan tələb eləyirlər. Həmin inhisarların meydan suladığı zamanlarda bu rəqəm 21-22 faiz idisə, indi 36 faiz alırlar. İndi hansı şərait yarandı? İnhisar daha da sərtləşmədimi? Azərbaycanın azad sahibkarları daha da məhv edilmədimi?
Biz bunlardan tələb edirik ki, sosial cəhətdən müdafiə olunmayan əhalinin vəziyyətini yaxşılaşdırmaq üçün tədbirlər görün. Məsələn, benzinin qiymətini ucuzlaşdırın, müavinətləri, pensiyaları, maaşları ciddi şəkildə, heç olmasa infilyasiyaya uyğun artırın. Amma bunlar nə edirlər? Hər vəchlə insanları düşünmürlər. Kredit faizlərini daha da qaldırırlar. Təsəvvür edin, maaşları kəsirlər, hətta hərbçilər də müraciət edirlər ki, onlara olan müxtəlif ödəmələr kəsilib. Müxtəlif dövlət orqanlarında insanlar kütləvi surətdə ixtisar olunub, küçələrə tökülür. Onların almalı olduqları maaşların müəyyən hissəsi onlara verilmir. Aylarla maaşlar gecikdirilir.
Biz bunlardan tələb edirik ki, sahibkarlığı inkişaf etdirin. Ucuz kredit verin. Sahibkarlıq üzərindəki bütün əngəlləri götürün. Amma bunlar nə edirlər? Krediti bahalaşdırmaq bir tərəfə, üstəlik yenidən sovet sisteminə qayıdıb prokurorluğu, polisi yönəldirlər sahibkarların üzərinə, onları hər tərəfdən sıxırlar. Eyni zamanda dolların satışını inzibatı qaydada məhdudlaşdırmaqla, qeyri-neft sektorunu ümumiyyətlə məhv edirlər. Bir ayın ərzində, bu ilin yanvar ayının nəticəsinə görə, ölkədə idxal 70 faiz azalıb. Bu nə deməkdir? Ölkəyə o qədər az mal gətirilib. Onu gətirən kimlər idi? Əsasən tacirlər. O mal gəlməyəcək, satılmayacaq, qazanc götürülməyəcək, iş yerləri olmayacaq və bir müddətdən sonra qıtlıq yaranacaq.
Biz bunlardan tələb edirik ki, müstəqil məhkəmə yaransın, mülkiyyət hüququ, sahibkarların pozulan hüquqları təmin olunsun. Bunlar nə edirlər? Söz oyunu oynayırlar. Apellyasiya Şuraları yaradırlar – arabanın beşinci təkəri. Həmin şuralara yerlərdə icra başçılarının müavinləri rəhbər olacaq, deməli, yerli biznesmen, sahibkar icra başçısından şikayət edəndə üz tutacaq onun müavininin rəhbərlik etdiyi komissiyaya. Kimi aldadırsız bu şəkildə?
Biz bunlara deyirik ki, şərait yaradın, xarici investisiyalar gəlsin ölkəyə. Bunlar nə edirlər? Ölkədə biznesin üzərində o qədər sıxma-boğma eləyirlər ki, ölkədə olan xarici sahibkarlar bizneslərini bağlayıb Azərbaycandan gedirlər. Bütün qəzet sərlövhələrinə baxsanız, hər gün neçə-necə böyük şirkətin Azərbaycanı tərk etdiyini görərsiniz.
Biz bunlara deyirik ki, ölkədə manatın günü-gündən daha da ölüb məhv olmasının qarşısını almaq, idxalı azaltmaq üçün yerli istehsalı stimullaşdırmaq lazımdır. Hər şey xarici valyuta ilə xaricdən alınmasın. Amma bunlar nə edirlər? İnzibati qaydada valyutadəyişmə məntəqələrini ləğv edirlər, sahibkarlara, vətəndaşlara dollar satışını zorakı, inzibati yolla məhdudlaşdırırlar, həm rezervlər tükənir, həm də sahibkarlıq məhv olur.
Mən hökuməti xəbərdar etmişdim
Baxın, hər şeyi tam əksinə edirlər. Ona görə də heç bir nəıticədən söhbət gedə bilməz. Söhbətin əvvəlində dediyim ağır nəticələr nəinki davam edəcək, çox təəssüf ki, daha da artacaq. Bilirsiniz, ən böyük təəssüf yaradan nədir? Biz bu günə ki gəlib çıxmışıq, bu, gözlənilməz olmayıb. Biz bunu görürdük. Təqribən bir il bundan qabaq mənim çıxışım olmuşdu. Mən o zaman hökuməti xəbərdar etmişdim ki, baxın hara gedirik biz. O zaman dediklərimin hamısı bu gün gerçəkləşib. O zaman qeyri-neft sektoru, bank sektoru, manatın taleyi ilə bağlı bütün deyilənlər bu gün gerçəkləşib.
Özləri ölkədə nə baş verdiyini başa düşə bilmirlər. Onlar verilən təklifləri, məsləhətləri də qəbul etmək istəmirlər. Ona görə də bu gün artıq böhranın bir ilinin tamamında bəzi yekunlara gələ bilərik. İlk növbədə onu özümüz üçün aydın şəkildə müəyyənləşdirməliyik: Azərbaycanda sosial-iqtisadi böhranın daha da çətin olmasının, bundan sonra daha da çətinləşməsinin şərti odur ki, ölkədə, onun iqtisadiyyatında nə baş verdiyini hələ də bu iqtidar, bu hökumət başa düşməyib. Hələ də böhranın nə qədər dərin bir proses olduğunu, onun köklərinin bu hökumətin yanlış siyasətində olduğunu anlamayıblar.
Ölkə idarə olunmur, Allahın ümidinə qalıb
İkincisi, hökumət həddindən artıq işbacarmaz, səriştəsiz imiş. Baxın, bu böhran günlərində hökumətin, parlamentin, dövlət başçısının verdiyi qərarların bir həftədən sonra ləğv edilməsi lətifəyə çevrilib. Qərarların qəbul olunmasının bütün dünyada formalaşmış bir mexanizmi var. Ekspertlərlə müzakirələrdən keçməlidir, beyin hücumu olmalıdır, ağıllı adamlar kollegial qaydada müzakirələr aparmalıdır, hər bir qərarın nəticələri onun bütün fəsadları, üstünlükləri ilə hesablanmalıdır. Amma məlum oldu ki, belə şeylər Azərbaycan iqtidarına yaddır. Kim bir az qabağa düşüb, tez gəlib ölkə başçısına təsir edibsə, onun qərarı keçir. Bir həftədən, on gündən sonra məlum olur ki, bu katastrofik səhvdir, ondan sonra hansısa mexanizmlər işə düşür və həmin qərarlar ləğv olunur. Deməli, ölkə normal qaydada, klassik mənasında kollegiallıqla, peşəkarcasına idarə olunmur. Allahın ümidinə qalıb.
Siyasi dəyişikliklər olmasa, sosial-iqtisadi bohranı həll etmək mümkün olmayacaq
Hökumət çaşqınlıq içindədir. Əlimyandıda borc axtarır. Axı bu yüz milyarddan artıq pulu xərcləmisiz. Deyirsiz, 180 milyard sərmaya qoyulub ölkəyə. Bu qədər vəsait Azərbaycanın hansı problemini həll edib? İndi 4 milyard borc axtarırırsız, bu 4 milyard hansı problemi həll edəcək? Onun 45 dəfə artığını ölkə iqtisadiyyatına qoymusuz guya, amma ölkəmizə heç bir faydası olmayıb. Bu gün də ölkənin iqtisadiyyatı neft satmaqdan ibarətdir və həmin neftin qiyməti ucuzlaşdığına görə Azərbaycan bütün bu faciələri yaşayır. Ona görə də, əziz həmvətənlər, biz bilməliyik ki, bu hökumət davam etdikcə Azərbaycanda sosial-iqtisadi böhranın həlli görünmür. Mən sizi başa düşürəm, siz tələblər qoyursuz hökumətin qarşısında. Biz də bu tələbləri qoyuruq. Mən də vaxtaşırı müəyyən təkliflərimi verirəm. Yeri gəlmişkən, mən bu təklifləri ona görə verirəm ki, siz bu problemlərin həlli yolunun olduğunu biləsiz. Mənim illüziyam yoxdur, bilirəm ki, qarşımdakılar təklif qəbul edəsi deyillər. Amma biz özümüz üçün müəyyən qənaətlərə gəlməliyik. Biz taleyimizə sahib çıxmaq haqqında düşünməliyik. Nə vaxta kimi Azərbaycan avtopilotda idarə olunacaq? Nə vaxta qədər Azərbaycanda gerçəkdən problemlərin kökünü bilməyə qadir olmayan, həlli yollarını təsəvvür etməyən insanlar rəhbərlik edəcək? Ona görə də biz özümüz üçün qənaətə gəlməliyik ki, sosial-iqtisadi çətinliklərin böyük əksəriyyəti subyektiv faktordan asılıdır, idarəedicilərin yarıtmaz işinin, korrupsiyasının, israfçılığın nəticəsidir. Azərbaycanda siyasi dəyişikliklər olmasa, bu sosial-iqtisadi bohranı həll etmək mümkün olmayacaq.
Azərbaycan xalqının özünə hökumət seçmək hüququnu qaytarmalıyıq
Bugünlərdə şahidi olursuz – yüzlərlə insan sosial səbəblərdən intihar edir. Amma Azərbaycan hökuməti pulu nəyə xərcləyir? Neft maqnatlarına bahalı otrellərdə göz qamaşdıran qonaqlıqlar verir, Vatikanda məbəd təmir elətdirir, Beynəlxalq Cüdo Federasiyasını maliyyələşdir, futbol klublarına pul verir, dünyada şahmatı inkişaf elətdirir. Nə günümüzə yaraşır bunlar? Deməli, o adamlar bu xalqın hiss elədiklərini, sizin nələr çəkdiklərinizi hiss eləmirlər. O zaman sizi hiss edəcəklər ki, sizin səsinizlə o vəzifələrə seçilmiş olsunlar, sizin içinizdən çıxsınlar, sizin mövqeyinizin həlledici olduğunu başa düşsünlər. Ona görə də bugünkü sosial-iqtisadi çətinliklərin həll olunmasının yolu vətəndaş olub, dövlətimizə sahib çıxmaqdan keçir. Ölkədə ciddi islahatlardan, köklü dəyişikliklərdən keçir. Bizim bu hökumətdən təkcə gözləntilərimiz olmamalıdır. Bu hökuməti dinc, demokratik, konstitusion yolla dəyişib Azərbaycan xalqının konsititusiyada təsbit olunmuş özünə parlament, hökumət seçmək hüququnu qaytarmalıyıq.