elnurastanbeyli@gmail.com
(«Analoqsuz inkişaf»ımıza həsr olunur)
1.
Şərhsiz:
Prodüser Mikayıl Hüseynov böyrəyini satır. Bu haqda axşam.az-a prodüserin özü xəbər verib: “Banka 8900 manat kreditim var, ödəyə bilmirəm. Maşınımı əlimdən alırlar. Böyrəyimi satıram. 15 min manata satacam. Dolana bilmirəm, başqa əlacım yoxdur. Bu pulla bütün borclarımı ödəməyi düşünürəm” (10 yanvar, 2016-cı il, lent.az).
2.
Şərhsiz:
“Bu gün günorta saatlarında Bakının Müşfiqabad qəsəbəsində intihar hadisəsi baş verib. 30 yaşlı şəxs qəsəbə ərazisində yerləşən kanalizasiya sularından yığılmış gölməçədə intihar edib. Adının Anar olduğu bildirilən şəxs maşını ilə birgə gölməçəyə girib. Onun avtomobili tapılsa da, özünün axtarışları davam edir…
…Hadisə yerinə gələn Anarın qohumları onun bu addımı imkansızlıqdan atdığını bildirib. Deyilənlərə görə, Anarın həyat yoldaşı xəstə olub və onun müalicəsinə pul tapa bilməyən gənc intihar yolu tutub” (9 yanvar, 2016, anspress).
3.
Şərhsiz:
“Xaçmaz rayonunun Qaracəlli kənd sakini Cəbrayılova Səkinə Qüvvət qızı ”Onurğa sümüyünün kəskin deformasiyası” diaqnozu ilə ağır xəstədir. 22 yaşlı Səkinəyə Daxili Təhlükəsizlik Xidmətinin xəstəxanasında onurğa sümüyünün 50 dərəcə əyriliyi diaqnozu qoyulub və bildirilib ki, təcili əməliyat olunmalıdı. Əməliyat olunmasa, iki aydan sonra iflic olacağı bildirilib. 2 yaşlı körpə uşaq anası Səkinə Cəbrayılovanın əməliyat olunmasi üçün 21000 ABŞ dolları vəsait tələb olunur. Ailənin hazırda maddi durumunun aşağı olması, onun xəstəliyinin əməliyat olunmasına imkan vermir” (28 yanvar, 2016, bakunews.az).
4.
Şərhsiz:
“Cəbrayıl rayonu 25 saylı köçkün orta məktəbinin direktor müavini Yusif Adıgözəlov Sabunçu qəsəbəsinin icra nümayəndəliyinin müavini Seymur Hüseynovdan şikayətçi olduğunu bildirdi. O qeyd etdi ki, arayış almaq üçün Sabunçu qəsəbəsi üzrə icra nümayəndəliyinə müraciət edib: ”Arayış lazım idi. Icra nümayəndəliyində Seymur adlı şəxsə yaxınlaşıb arayış almaq istədiyimi dedim. O isə kobud şəkildə cavab verdi. “Cəbrayıllısan, get arayışını Cəbrayıldan al. Biz sənə arayış vermirik” deyərək məni otaqdan qovdu. Nəyin baş verdiyini başa düşmədim. Dövlət idarəsində vətəndaşa niyə belə hörmətsizlik edilməlidir? Hamının bildiyi kimi, Cəbrayıl rayonu hazırda erməni işğalı altındadır. Mən Cəbrayıla necə gedə bilərəm? Artıq bəzi vəzifəli məmurlar işğal altındakı rayonlarımızı sanki lağ predmetinə çeviriblər…” (26 dekabr, 2015-ci il, qafqaznews.az).
5.
Şərhsiz:
“Burada bütün gün gözləyirik ki, iş olsun. Amma əvvəlki vaxtlarla müqayisədə iş xeyli azalıb. Əvvəllər heç olmasa yaxşı idi, iş olurdu. Indi avara qalmışıq. Guya yaşayırıq. Amma bu, yaşamaq deyil, sürünməkdir” (“Xalqlar dostluğu” metrosu yaxınlığındakı körpünün altında yerləşən qul bazarında dayanan fəhlə, 28 oktyabr, 2015, virtualaz.org).
6.
Şərhsiz:
“Bizim böyük prezidentimiz var, devalvasiyanın bizə aidiyyəti yoxdur. Prezidentimiz devalvasiya olsa da, olmasa da, xalqını əziyyət çəkməyə qoymaz. O, xalqımızı həmişə çətinlikdən qurtarıb. Mənim xalqıma devalvasiyanın dəxli yoxdur. Devalvasiya dünyanın oyunudur. Bizim dünyanın ən böyük prezidenti Ilham Heydər oğlu Əliyev kimi rəhbərimiz var. O imkan verməz ki, dünyada gedən oyunların qurbanı olaq” (“xalq” artisti Ilhamə Quliyeva, 13 yanvar, 2016-cı il, musavat.com).
7.
Şərhsiz:
“Şirvan şəhəri Səməd bəy Mehmandarov küçəsi, ev 16 ünvanında yaşayan 1973-cü il təvəllüdlü Səfayət Malik oğlu Ağayev özünü yaşadığı evin həyətindəki yardımçı tikilidən asaraq intihar edib. 43 yaşlı kişinin asılmış meyidini onun həyat yoldaşı tapıb.
Məlumata görə, S.Ağayev intihardan əvvəl məktub yazıb və məktubunda işsizliyini, çoxlu borcunun olmasını, buna görə də belə bir addım atdığını qeyd edib.
Özünü asan kişi ailəlidir və uzun müddətdir işsiz imiş” (3 fevral, 2016, anspress).