«Bu son nəticədə iqtisadi tənəzzüllə gətirib çıxaracaq»
Samir Əliyev: «Manatın dövriyyəsinin məhdudlaşdırılması iqtisadi aktivliyin azalmasına gətirib çıxaracaq»
Bankların üzləşdiyi maliyyə böhranı hər ötən gün daha da dərinləşir. Bir vaxtlar ölkədə yaşanan dollar qıtlığı sanki aradan qalxıb. Bunu ilk baxışdan belə söyləmək olar. Çünki Mərkəzi Bankın dollar hərraclarında satışa çıxardığı 200 milyon dolların yalnız 20 milyonu satılır. Ilk baxışdan bu elə təəssürat yarada bilər ki, dollar tələbatı tam şəkildə ödənilir.
Amma aparılan araşdırmalar göstərir ki, bankların dollar alqısında fəallıq etməməsi sırf maliyyə vəsaitinin çatışmazlığı ilə bağlıdır. Yəni bankların idarəçilyində MB-nin dollar hərraclarında iştirak etməsi üçün kifayət qədər manatı yoxdur. Məhz buna görə bu prosesdə aktivlik müşahidə olunmur. Digər tərəfdən, o da nəzərə alınmalıdır ki, MB son bir ayda da manatın dövriyyəsini daha 1.1 milyard azaldıb. Nəticədə bir vaxtlar 11 milyard 500 milyon olan manat dövriyyəsi hazırda 5 milyard manatın altındadır.
Manat qıtlığının yaranmasının da səbəbi dolların kursunu sabit saxlamaq üçün yürüdülən siyasətdir. Bəs bu siyasət iqtisadiyyata nə vəd edir?
Iqtisadçı Samir Əliyev bildirdi ki, MB manat kütləsini məhdudlaşdırma hesabına bir tərəfdən iflyasiya təzyiqini, digər tərəfdən isə dollara olan tələbatı azaldır. Ekspertin sözlərinə görə, hazırda olduqca maraqlı situasiya yaranıb. MB dollar satışı həyata keçirsə də, tələb 10 faizi ötmür. Amma banklarda dollar qıtlığı hələ də yaşanır: “Bank dolları alsa da onu satmır. Maraqlı situasiya yaranır. Nəyə görə Mərkəzi Bankdan alınan dollar daha sonra satılmır. Bax belə ziddiyyətli situasiya yaranıb. Səbəb aydındır, bankların dollara ehtiyacı var. Amma banklar eyni zamanda manatla da əməliyyatlar aparmalıdır. Manat olmadığına görə banklar hərraclardakı dolları ala bilmirlər. Manatın dövriyyəsinin məhdudlaşdırılması iqtisadi aktivliyin azalmasına gətirib çıxaracaq. Nəticədə iqtisadiyyat kiçilməkdə davam edəcək, kreditləşmə aazalacaq. Bu da son nəticədə iqtisadi tənəzzüllə gətirib çıxaracaq”.
S.Əliyevin sözlərinə görə, baş verənlərdə kifayət qədər narahat doğuran məqamlar var. Belə davam edərsə, yaxın aylarda maaş və pensiyaların verilməsində pul qıtlığı yarana bilər. Burada əsas zərbə özəl sektora dəyəcək. Çünki dövlət sektorunda əməkhaqqı verməyə pul var. Amma özəl sektorun belə bir imkanı yoxdur: Mərkəzi Bank manat kütləsini artırmalıdır. Anlayıram, bu addım atılsa, yenidən dollar alışı artacaq. Eyni zamanda qiymətlər də artacaq. Amma bu cür davam etməklə də iqtisadiyyat daha da çökməyə doğru gedə bilər. Mərkəzi Bankın bu addımı qısamüddətli effekt verir. Pul kütləsinin məhdudlaşdırılması hesabına qiyməti saxlamaq yanlış yoldur. Biz istehsalı artırmaq istəyiriksə, o zaman dövriyyədə manat kütləsinə ehtiyac var”.
Xəyal