Azərbaycanda ölüm hökmünün ləğv olunması kağızdadır. Gerçəkdə isə icra hakimiyyəti tutur, məhkəmə hakimiyyəti öldürür, qanunverici hakimiyyət isə təsdiqləyir. Inanmırsınız?
04.12.2013-cü ildə 90-HX-384 nömrəli “əlil” maşınını 10-CK-200 nömrəli “avtoş” dayanan yerdə arxadan vurub yararsız edib. Əlilin olay yerinə çağırdığı Suraxanı yol polisi Tahir Isgəndərov heç bir protokol tərtib etməyib, əlili alkoqol testindən keçirib, amma “avtoşu” testdən keçirməyi “unudub” və bildirib ki, narahatlığa əsas yoxdur, əlil maşınını yararsız edən “Nissan” markalı maşın sığortalıdır və dəyən ziyan ödəniləcək. Olaydan 8 gün sonra 13.12.2013-də Suraxanı məhkəməsi (hakim Gülsarə Imanova) “işdə olan sxem(??)” əsasında “əlil maşını”na aidliyi olmayan Qarabağ əlili Xaliq Abbaszadənin sürücülük vəsiqəsi olmadığına görə vəkil ayırmadan inzibati qaydada 400 manat cərimə edilməsi barədə qərar çıxarıb. Bakı AM-in Cinayət Kollegiyasının bir nəfərdən (??) ibarət hakimi Vaqif Mursaqulov bu qərarı əlil xəstəxanada olarkən, yenə də vəkil ayırmadan, qiyabi qüvvədə saxlayıb. Cərimənin günü-gündən artdığını görən əlil onu artrılmış məbləğdə ödəməyə məcbur olub. Elə bununla da “ölüm hökmünə” aparan yolu açıb…
Olaydan 8-9 ay sonra “Rəvan” sığorta şirkətinin törəməsi olduğu “Nurgün”də 10 min manatlıq saxta defekt aktı tərtib edərək, guya “avtoş”a ödədiyi 9100 manatlıq sığorta məbləğini xaricdə müalicəyə ehtiyacı olan, maşına və qəzaya aidliyi olmayan, DÖVLƏTIN SIĞORTALISI savaş əlilindən məhkəmə qaydasında tələb etməsindən yenə də xəstəxanada xəbər tutan Xaliq Abbaszadənin gücü qarşılıqlı iddia verməyə çatıb. Bundan sonra iş baxılmamış saxlanıb. “Rəvan”ın saxta defekt aktı tərtib edib əlilin pensiyasına göz dikməsinə, onu əlavə xəstəliyə – şəkərə yoluxdurmasına hüquq mühafizə orqanları qiymət vermək istəmədiyindən Qarabağ əlili Nərimanov məhkəməsində sözügedən şirkətə və onun rəhbəliyinə qarşı xüsusi ittiham qaydasında şikayət verib və sağlamlığa vurulan ziyanın ödənilməsi tələbilə iddia qaldırıb. Məhkəmə tərəfləri barışığa çağırıb və buna nail olub. Ofisində əlilləri qəbul edən şirkətin idarə heyətinin sədri, təqsirləndirilən şəxs Fərhad Aslanov borcun bağışlandığını bildirib. Heç demə, bu “əfv” də tələb olunan sığorta məbləği kimi saxta imiş. Bu yol əlilə aidliyi olmayan Sabunçu məhkəməsindən ona qarşı iddia olduğu bildirilib. Əlilin eyni predmet üzrə başqa aidiyyatı məhkəmədə ərizəsi olmasına isə şirkətdən sifariş alan Sabunçu məhkəməsi əhəmiyyət verməyib. Bu arada baş prokurorun 1-ci müavini Rüstəm Usubovun çağırışı ilə bu qurumda olan Qarabağ əlilinə inzibati xəta ilə bağlı məhkəmə qərarlarından protes verilərək birinci instansiyaya qaytarılacağı deyilib. Di gəl, bu elə söz olaraq qalıb. Əvəzində Sabunçu məhkəməsi aldığı sifarişi yerinə yetirməyə çaba göstərib, lakin şirkətin ölmüş müharibə əlilinə qarşı iddiasını icraata götürməkdə qanunsuzluğu üzə çıxıb və məhkəmə şəhidin varisləri tapılana qədər icraatın dayandırılmasına qərar verib. Dəhşətə baxın, olaydan xeyli qabaq ölən şəxsin varisləri axtarılır ki, saxta defekt aktı ilə dəyən “ziyanı” şəhid uşaqlarından alsınlar!(??)
Yol polisinin qanunsuzluğuna fikir verin. Istənilən xəta ilə bağlı protokol tərtib olunmalı və 10 gün müddətində protokoldan şikayət vermək hüququ göstərilməli, hər iki sürücü alkoqol testindən keçirilməli olduğu halda, buna əməl edilməyib. “Avtoş” sürücü testdən keçirilməyibsə, qaydaya görə, onun içkili olması qəbul edilir. Məhkəmənin inzibati xətaya dair işə 8 gündən sonra baxması da qanunsuzluğun, sifarişin “yuxarı” məbləğinin göstəricisidir. Maraqlıdır, Bakı Baş Dövlət Yol Polisi Idarəsinin rəisi Nuşirəvan Məhərrəmli də yol polisinin hərəkətini qanuni sayıb və indiyədək tərtib olunduğu deyilən protokolun Xaliq Abbaszadəyə verilməsini təmin etməyib ki, ondan şikayət versin.
Nərimanov məhkəməsinin hakimi Ramin Quliyev və Bakı AM-in Ikram Şirinovun sədrlik etdiyi “üçlüyü” əlilin sağlamlığa vurulan ziyana görə iddiası üzrə işə gizlin baxıb. Suraxanı məhkəməsinə verilən iddiaya isə hakim Elçin Ağayev 3-cü aydır baxmır. Amma Sabunçu məhkəməsi əlili yenə də xəstəxanalıq edib. Əlil özü də intihardan başqa yol qalmadığını ali dövlət hakimiyyəti orqanlarının başçılarına, 1-ci xanıma, BŞIH-ə ünvanladığı “intihar bildirişi”ndə açıqlayıb. Baislər isə BDYPI-nin, “Nurgün” və “Rəvan”ın rəhbərliyi, Sabunçu məhkəməsinin sədridir.
Məğrur Bədəlsoy