İkinci devalvasiyadan sonra fiziki şəxslərin banklardakı əmanətləri daha da dollarlaşıb.
31 dekabr 2015-ci il tarixinə banklarda əmanətlər 9 milyard 473,9 milyon manat olub. Əmanətlərin 8 milyard 53,7 milyon manatı və ya 85%-i xarici valyutada, 1 milyard 420,2 milyon manatı və ya 15%-i milli valyutada yerləşdirilib.
Devalvasiyadan əvvəl, Noyabr ayının sonunda banklardakı 7 milyard 89,5 milyon manat əmanətin 76,5% və ya 5 milyard 420,5 milyon manatı xarici valyutada idi.
REAL OLARAQ 320 MİLYON AZALIB
Dekabrda əmanətlərdəki 2 milyard 384,4 milyon manatlıq artım devalvasiyadan qaynaqlanıb. Dollardakı əmanətlər yeni məzənnə ilə hesablandığından artım yaranır. Əslində banklardakı əmanətlər 320 milyon manat civarında azalıb.
Ötən ilin sonuna olan məlumata görə, banklardakı əmanətlərin 8 milyard 240,9 milyon manatı rezidentlərə, 1 milyard 233,1 milyon manatı qeyri-rezidentlərə məxsus olub.
(marja)