Deputat Elmira Axundovanın Bakıdakı bahalı komplekslərdən birində milyon yarım manata iki mənzil aldığı haqda ötən gün məhkəmədə səslənən ittihama qarşı tərəfdən reaksiya gəlib.
Xatırladaq ki, jurnalist Feyruz Haşımovla deputat arasında Bakı Apellyasiya Məhkəməsində məhkəmə çəkişməsi davam edir. İttihamı da fevralın 4-dəki prosesdə jurnalist və onun nümayəndəsi səsləndirib. Nümayəndə deyiklərinin təsdiqi kimi məhkəməyə sənəd də təqdim edib. Məhkəmədən reportaj “Azadlıq” qəzetində dərc olunub.
Elmira Axundova qəzetimizə göndərdiyi cavabda qeyd edir ki, deyilən mənzillər 5 ildir onların mülkiyyətindədir. Onların qiyməti də yazılanlardan qat-qat ucuzdur. “Nə vaxtdan mənzil sahibi olmaq qəbahət sayılır? Məgər mənim çoxillik fəaliyyətim və xidmətlərim qarşısında mənə yaxşı mənzil bağışlana bilməzdimi? Bir də ki, mənim Feyruz Həşimovla olan məhkəmə prosesi şərəf və ləyaqətlə bağlıdır, mülkiyyətlə yox. Sadəcə olaraq qarşı tərəf məhkəmədə yenə uduzduğuna görə belə qanunsuz əməllərə əl atır. Onlardan fərqli olaraq mən qanuni yollara üstünlük verirəm və hüquqlarımı məhkəmədə uğurla müdafiə edirəm. KİV-lərə isə məsləhətim budur: boş yerdə ucuz sensasiya axtarmayın, ciddi problemlərlə məşğul olun”.