Son zamanlar bazarlara və yarmarkalara satış məqsədilə mənşəyi bəlli olmayan ət çıxarıldığı haqda məlumatlar yayılır. Çox təəssüflər olsun ki, keyfiyyətsiz ət tələb olunduğu üçün bazara çıxarılır. Bunun istehlakçıları var. Baxmayaraq ki, hökumət məmurları belə halın olduğunu inkar edirlər, ancaq apardığımız müşahidələr onu göstərir ki, bazarlara keyfiyyəti aşağı olan böyük həcmdə ət və ət məhsulları çıxarılır. Bu ilk növbədə onunla bağlıdır ki, ölkə əhalisinin ət və ət məhsullarına olan tələbatının hətta yarısı belə ödənilmir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən deyə bilərəm ki, daxili istehsal hesabına ölkə əhalisinin ətə olan tələbatının yalnız 38 faizi ödənilir. Bu göstərici qonşu ölkələrlə müqayisədə xeyli aşağıdır. Rusiyada adambaşına 70 kq ət istehsal olunur, Azərbaycanda isə bu göstərici 25 kq-dır. Rusiya idxalla birlikdə Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi norma qədər əhalinin ətə olan tələbatını ödəyir. Ancaq Azərbaycanda idxalla bir yerdə 35 kq ət istehlak olunur. Bu da o deməkdir ki, ölkədə ciddi ət qıtlığı var. Defisit, qıtlıq yarandığı üçün də qoca, şikəst, xəstə, ölmüş heyvanların ətini işbazlar Bakı və Sumqayıt şəhərinə daşıyır. Bunların da bir hissəsi təşkil olunmuş yarmarkalarda asanlıqla realizə olunur. Dövlət məmurları da buna bilərəkdən göz yumurlar. Ona görə ki, hökumətin, Kənd Təsərrüfatı Nazirliyinin marağı ondan ibarətdir ki, yarmarkalarda ucuz ət satılsın. Ucuz məhsul yalnız keyfiyyətsiz ola bilər. Hansı sahibkar bu gün sağlam heyvanını kəsib gətirib Bakı şəhərində yarmarkada dörd manata istehlakçılara təklif edər? Bu mümkün deyil. Ona görə ki, onlar sağlam əti öz kəndlərində 6 manatdan ucuz vermirlər. Üstəgəl, bunun daşınma və digər xərcləri də var. Bu nəzərə alınmalıdır. Ölkədə kifayət qədər çoxlu sayda 2,7 milyon baş iribuynuzlu mal-qara, 8,5 milyon baş xırdabuynuzlu heyvanlar, 70 min at, 35 min ulaq var. Və bunların da bir hissəsi il ərzində qocalır, şikəst olur, xəstəliyə tutulur, ölür. Xüsusi adamlar var ki, onlar kəndlərdə heyvanların xəstələnməsi, tələf olması, şikəst olması haqda operativ məlumat əldə edirlər. Çıxdaş olmuş həmin heyvanları sahibindən çox ucuz qiymətə alırlar, kəsib ətini böyük şəhərlərə daşıyıb istehlakçılara ucuz qiymətə təklif edirlər. Hətta onu da deyim ki, bəzi iaşə obyektlərində, restoranlarda, kafelərdə və digər yeməkxanalarda həmin ətlərdən istifadə olunur. Əhaliyə ucuz yemək bişirib, təklif edirlər. İşbazlar üçün münbit şərait olduğu üçün onlar həmin xəstə, şikəst, ölmüş heyvanların ətini daşıyıb Bakı şəhərində realizə edə bilirlər. Bu gün 1200 kq. və yaxud bir ton tutublar. Bu çox gülməli görünürş Əslində yüz min tona qədər qoca, xəstə, şikəst heyvanların əti bazar və yarmarkalara çıxarılır. O cümlədən ölmüş heyvanların əti demək olar ki, hər il bazarlarda istehlakçılara təklif olunur. Əgər ölkə əhalisi ucuz və keyfiyyətli ətlə təmin olunarsa, həmin işbazlar özləri sıradan çıxar. Bu gün dünya bazarında ətin qiyməti Azərbaycana nisbətən iki dəfə ucuzdur. Ölkədə ətin qiyməti qonşu ölkələrdə olduğu kimi ucuz olarsa, işbazlar risk edib rayonlardan xəstə heyvanların ətini Bakı şəhərinə daşımaz. İşbazlara məmurlar özləri münbit şərait yaradırlar. Bu da onlara sərf edir. Həmin işbazlarla anlaşırlar, dil tapırlar, ona görə də onların fəaliyyətinə göz yumurlar.