“Doğum günümlə əlaqədar artıq təbrik edənlər olub. Eldar Namazov hələ ki təbrik etməyib. Hazırda burda saat 9-dur. Günün sonuna qədər təbrik edəcəyini düşünürəm”.
Bunu Milli Şuranın fəxri sədri, tanınmış kinorejissor Rüstəm İbrahimbəyov doğum günü ilə bağlı suala cavab verərkən deyib.
O, qeyd edib ki, doğum günündə özünün özünə hədiyyəsi olacaq.
“Bu gün yeni filmimin premyerası olacaq. Filmin adı “Qafqaz triosu” adlanır. Filmdə 3 dostun əhvalatlarından bəhs olunur. Azərbaycanlı, gürcü və erməni olan dostlar uşaqlıqdan yaxınlıq edirlər. Filmdəki obrazlar Cənubi qafqazlılara aiddir”.
Rüstəm İbrahimbəyov arzularından da danışıb.
“Son 3 ildə ən böyük arzularımdan biri Bakıya gəlməkdir. Ümidvaram ki, bu yaxınlarda Bakıda dəyişikliklər olacaq və mənim Bakıya gəlmək istəyim reallaşacaq.
Siyasi arzularım da var. Azərbaycanda demokratik islahatların olmasını gözləyirəm”.
Tanınmış kinorejissor xüsusi hədiyyə gözləmədiyini deyib. O, qardaşı Maqsud İbrahimbəyovla əlaqələrinə də toxunub.
“Mənim üçün ən dəyərli hədiyyə dostlarımın, qohumlarımın mənə yaxşı münasibətinin olmasıdır. Övladlarımın, nəvələrimin hər zaman sağlam olmasını istəyirəm. Hazırda övladlarım yanımdadır.
Qardaşım Maqsud İbrahimbəyov da mənimlə əlaqə saxlayır. İndi səhər vaxtı olduğundan hələlik doğum günümü təbrik etməyib”.
Qeyd edək ki, tanınmış kinorejissor Rüstəm İbrahimbəyovun bu gün 77 yaşı tamam olur. (Modern.az)