Bütün dövlət orqanları qanunsuzluğu, rüşvəti, korrupsiyanı, süründürməçiliyi gündəlik iş normasına çeviribsə…
İslahat əvəzinə imitasiya siyasəti davam edir. İndi də guya sahibkarların şikayətlərinə baxmaq üçün Apellyasiya Şurası yaradıblar. Qanunların işləmədiyi, müstəqil məhkəmə hakimiyyətinin olmadığı, sahibkarlığı əzməyin dövlət siyasəti olduğu ölkədə Prezident Administrasiyasının 8 nəfər əməkdaşından ibarət (onlar hazırda Administrasiyanın müxtəlif şöbələrində məsləhətçi işləyirlər) yeni bir qrum yaratmaq nəyi dəyişə bilər? Şuranın da ən böyük səlahiyyəti bu olacaq ki, lazım gəlsə (?) prokurorluğa müraciət edəcək. Sahibkarın özünün prokurorluğa müraciət etmək hüququ yoxdur ki? Prokurorluq sahibkarın birbaşa müraciətinə niyə baxmamalıdır ki, hələ ona müraciət üçün də əlavə qurum yaradılsın? Ölkədə nazirliklər, komitələr, icra hakimiyyətləri, onların hamısına nəzarət edən Prezident Administrasiyası qanuni işləmiş olsalar, sahibkarların şikayətlərini qəbul etmək üçün əlavə bir qurum yaratmağa ehtiyac olmaz. Yox, bütün dövlət orqanları qanunsuzluğu, rüşvəti, korrupsiyanı, süründürməçiliyi gündəlik iş normasına çeviribsə, Prezident Administrasiyasının bir şöbəsi qədər səlahiyyəti olmayan yeni qurumun yaranması nəyi dəyişəcək?
Hə, bir də xalqı aldatmaq istəyirlər ki, sahibkarlara problemi guya yerli icra hakimiyyətləri yaradır. Əlbəttə, yerli icra hakimiyyətləri də bacardığı qədər sahibkarları sıxır, onların qazanclarına şərik olur. Amma yerli icra hakimiyyətlərinin bu soyğunçuluğu özfəaliyyət deyil ki. Ölkədəki ümumi siyasətin tərkib hissəsidir. 1 ildə sahibkarlardan qanunsuz olaraq 1 milyard manata qədər artıq vergi toplamaq, gömrük qaydalarını daha da sərtləşdirmək, inhisarçılığı himayə etmək, cərimələri, vergiləri artırmaq, manatı məhv etmək, sahibkarlara faktiki olaraq dollar satmamaq, bank kreditlərini fantastik faizlərlə vermək, son zamanlar isə ümumiyyətlə dayandırmaq, sahibkarın bankdakı əmanətini batırmaq, hüquq mühafizə orqanlarında hacı məmmədovların, akif çovdarovların meydan sulamasına göz yummaq, vaxtaşırı minlərlə sahibkarı MTN təcridxanasına və ya DİN-in “bandotdel”inə qonaq etmək yerli icra hakimiyyətinin hansısa məmurunun özfəaliyyəti deyil axı. Sahibkarlığa yaradılan bütün bu maneələr rejimin mahiyyətindən doğur. Ölkədə rejim dəyişməyincə, hüququn aliliyi, demokratiya, ədalət prinsipləri bərqərar olmayınca, hakimiyyət seçki yolu ilə formalaşmayınca, müstəqil və peşəkar məhkəmə hakimiyyəti bərqərar olmayınca, bu ölkədə sahibkarlar da hamı kimi əziləcək. Sahibkarlar da bu sadə həqiqəti qəbul etməlidirlər. Nə qədər tez qəbul etsələr, onların da, ölkənin də problemi bir o qədər tez həll olunar.