Fevralın 2-də Siyasi baxışlarına görə həbs olunan AXCP Babək rayon şöbəsinin fəalı Zeynalabdin Bağırzadənin məhkəmə prosesi başa çatdırılıb. Babək rayon məhkəməsinin hökmü ilə AXCP fəalı 8 il azadlıqdan məhrum edilib.
Z.Bağırzadə ötən ilin noyabrında təxribata məruz qalıb və hakimiyyət nümayəndəsinə zor tətbiq etmə ittihamı ilə (CM 315.1) barəsində cinayət işi qaldırılaraq həbs edilib. Əslində isə Babək rayon Sosial Müdafiə Mərkəzinin (SMM) işçiləri Z.Bağırzadənin evinə gələrək, onun guya hansısa ödəniş etməli olduğunu deyiblər. Z.Bağrzadə evdə olmadığı üçün gələnlərə onun xanımı cavab verib. Bu zaman SMM işçilərindən biri Z.Bağırzadənin ünvanına təhqiramiz sözlər işlədib. Hadisədən xəbər tutan Z.Bağırzadə sonradan həmin işçi ilə görüşərək onu nəyə görə təhqir etdiyini soruşub, cavabında yenidən təhqir və hədələrə məruz qalıb. Z.Bağırzadə özünə qarşı təxribat hazırlandığını anlayaraq, hər hansı adekvat addım atmayıb, yalnız hüquqi yola baş vuraraq, rayon prokurorluğuna şikayət edib. Lakin rayon prokurorluğu Z.Bağırzadənin özünə qarşı cinayət işi qaldırıb.
AXCP Bağırzadəyə oxunan hökmlə bağlı yaydığı etiraz bəyanatında Babək Rayon Prokurorluğunun bu hərəkətini “hüquq sistemində görünməmiş absurd” adlandırıb.
Partiyanın bəyanatında deyilir ki, Z.Bağırzadənin məhkəməsi zamanı onun günhasız olduğu tamamilə sübuta yetirilib. Hadisənin şahidləri SMM işçisinin onu təhqir etdiyini məhkəmədə təsdiqləyiblər. Ortalıqda Z.Bağırzadənin guya həmin işçiyə qarşı zorakılığa yol verdiyini təsdiqləyəcək heç bir tutarlı dəlil olmayıb. Bununla belə məhkəmə Z.Bağırzadənin ittiham olunduğu maddəni daha da ağırlaşdırmaqla, ona 4 il həmin işə görə, 4 il isə bundan əvvəlki 7 il yarımlıq şərti cəzasının çəkilməmiş hissəsini əlavə edib, 8 il həbs cəzası verib.
Z.Bağırzadənin həyat yoldaşı keçən proseslərin birində məhkəmədən onların evinə gələrək təhqiramiz ifadələr işlədən SMM işçisi barədə ölçü götürülməsini istəyib. Məhkəmə buna etinasız yanaşıb. Hadisənin şahidi olan qonşu qadınlar da məhkəmədə təsdiqləyiblər ki, SMM işçisi Bağırzadəni təhqir edib.
AXCP Z.Bağırzadəyə elan olunan hökm qanunsuz və siyasi sifarişin nəticəsi adlandırıb. “Bu həbs də AXCP-yə qarşı 23 ildir davam edən repressiyanın tərkib hissəsidir. Hazırda Z.Bağırzadə ilə birlikdə AXCP-nin, 4-ü ali qərarverici orqanın – Rəyasət Heyətinin üzvü olmaqla, 10 nəfər fəlı uzunmüddətli həbsə məhkum edilib. Partiya fəallarının müxtəlif uydurma ittihamlarla inzibati həbs cəzalarına məhkum edilmələri də davamllı hal alıb”, – deyə partiyanın bəyanatında qeyd olunur.
AXCP bildirir ki, ölkədə möhkəmlənən avtoritar idarəçiliyin “sanki ən idbar vasitələr üzrə sınaq meydanına çevrilən” Naxçıvanda partiya fəallarına qarşı yerli hakimiyyətin dözülməz münasibəti hökm sürür. “Naxçıvan hakimiyyəti orada Xalq Cəbhəsinin fəaliyyətini dayandırmaq üçün olmazın qanunsuz vasitələrə əl atır. Z.Bağırzadənin belə açıq-aşkar şərlənərək həbs edilməsi də həmin ifrat qanunsuzluğun və idbar idarəçiliyin nəticəsidir. Onun həbsi həm də və daha çox qardaşı, AXCP-nin Naxçıvan MR sədri Yaşar Bağırsoya təzyiq üçündür. Hakimiyyət Y.Bağırsoyu siyasi mövqe və fəaliyyətindən çəkindirmək üçün onun qardaşını girov götürüb. AXCP-nin tanınmış funksionerlərinə qarşı bu praktikadan istifadə artıq geniş yayılıb. Onu da bildirək ki, Z.Bağırzadə ilə yanaşı hazırda Naxçıvanda daha bir AXCP fəalı Nazim Mahmudov da həbsdədir və onunla bağlı məhkəmə prosesi davam edir”, – deyə bəyanatda yazılır.
Bəyanatda qeyd olunur ki, Azərbaycan hakimiyyəti xüsusən də ölkənin mövcud sosial-iqtisadi vəziyyətini nəzərə alaraq, özünün ənənəvi siyasətindən imtina etməli olduğunu nəhayət dərk etməlidir. Dinc siyasi rəqibinə qarşı repressiya hakimiyyəti düşdüyü böhrandan heç bir halda çıxara bilməz. “Hakimiyyət yaranmış yeni şəraitə görə avtoritar idarəçiliyinin daha uzun sürməyəcəyini anlayaraq, hələ fürsət varkən özünün alternativini sıradan çıxarmaq həvəsindədirsə, bilməlidir ki, bu niyyəti baş tutmayacaq. Xalq Cəbhəsi uzun illərin ən ağır sınaqlarında bərkimiş təşkilatdır və həbslərlə, təqib-təzyiqlərlə onu nə haqlı yolundan döndərmək, nə də şansından məhrum etmək mümkündür. AXCP bundan sonra da hakimiyyətin xalqa zidd siyasəti qarşısında duracaq və ölkəmizin demokratikləşməsi, xalqımızın layiq olduğu həyat səviyyəsinə qovuşması uğrunda mübarizəsini davam etdirəcək.
AXCP bir daha hakimiyyəti dövrün çağırışlarına düzgün reaksiya verməyə, repressiv idarəçilikdən imtina edib, nəhayət ölkədə islahatlara, demokratik açılıma qərar verməyə çağırır. AXCP bəyan edir ki, əgər hakimiyyət bu dönəmdə də dəyişiklik zərurətini dərk etməyib, köhnə hava ilə idarəçiliyə davam etsə, bunun ölkəmiz və xalqımız, eləcə də onun özü üçün ağır nəticələri olar və bunun bütün məsuliyyəti onun üzərindədir”, – deyə bəyanatda yazılır.
AXCP Z.Bağırzadə barəsində çıxarılmış qanunsuz və sifarişli hökmün ləğvini, eləcə də bütün siyasi məhbusların tez bir zamanda azadlığa buraxılmasını tələb edir.
azadliq.info