MİSİR EHRAMLARI
Misir səfəri ilə arxeoloq olmaq arzusundan hələ də vaz keçməyən, Qiza ehramları ətrafında qazıntı aparmaq istəyən qızım Humaya borcluyuq. Beləliklə, hər şeyi götür qoy edib səfər marşrutunu cızdım: Qahirə-İskəndəriyyə-Luksor-Asuan-Abu Simbel.
Misir ilk növbədə Abu-Roama`dan Dakşur`a qədər ucalan tarixin lal şahidləri – ehramlardır. Onlardan ən qədimi və ən böyüyü təxminən 5000 il əvvəl firon Coser tərəfindən Sakkara`da ucaldılan pilləkənli ehramdır.
Cosser ehramına qalxmaq qorxulu və çətin olduğundan qadağa olunub, lakin qid ilə ehramın zirzəmilərini gəzmək olar. Sözün düzü, Cosser ehramı mənə o qədər də təsir bağışlamadı. Bu ehramın memarı İmhotep ilk dəfə olaraq kərpic əvəzinə iri daş bloklardan istifadə edib. Bir çox dünya muzeylərində heykəllərinə rast gəlinən bu dahi memarın dəfn olunduğu yer deyilənlərə görə burularda olsa da, hələ də dəqiq məlum deyil. Dünyanın ən tanınmış ehramları, yeddi möcüzədən yeganə bu günlərə çatmış olan Qiza ehramları Qahirənin lap yaxınlığında yerləşirlər. Ətrafda yaxşı mehmanxana seçimi olmadığından çox ucuzlu, amma pəncərəsi Sfinks`ə açılan və çox qonaqpərvər bir sahibi olan Quest House`da yerləşdik. Bu ehramlar sanki əskər kimi, firon Heops, Hefren və Mikerinosun qəbirləri, cərgə ilə düzülüblər. Bir xəttə dayanan bu fantastik və həndəsi cəhətdən dəqiq və ciddi tikililər miqyas və mütənasiblik haqqında məktəbdən öyrəndiyim biliklərimi alt üst etdi. Məsafədən baxanda ehramların qıraqları düz xətt təsiri bağışlayır, yaxınlaşdıqca isə bunun belə olmadığını görürsən.
Həqiqətdə isə ehramlar metrəlik hündürlüyə malik çıxıntılarla yuxarı yüksəlirlər. Formaların bəsit sadəliyi nəhəng ölçülərlə birlikdə əbədilik hissi yaradır və düşünürsən ki, 4500 il yaşı olan bu ehramlar hələ bir iki bu qədər ildən də sonra bu vəziyyətdə bu səhrada yüksələcəklər. Misirlilərin bir deyimi də var – İnsan zamandan qorxur, zaman isə ehramlardan.
Ehramlara baxaraq biz insanların nə qədər cılız və aciz olduğunu düşünürsən. Bu qədər illərin ötməyinə baxmayaraq biz hələ də bu ehramların yanında dayanıb fikirləşirik ki, görəsən bu adamlar hər biri 2,5 tonn olan daş blokları 150 metr hündürlüyə necə qaldırırmışlar? Qədim məlumatlara görə 20 ilə tikilən Xeops ehramında 2,3 mln daş blokdan istifadə olunub. Adi riyazi hesablama saatda 26 blokun qurulmasını göstərir. Di gəl bundan sonra bu möcüzələrdə yadplanentlilərin rolunu inkar et))
Heops ehramının daxilindəki tunellər silinməz təəsüratlar yaradır. Bu tunnellərlə əvvəl üzü yuxarı dırmaşdıq, sonra isə bir yüz metrə yaxın yolu demək olar ki, süründük. Yol da bitmir, hər addımla da nəfəs almaq çətinləşir, dönüb arxanca sürünən insanları görəndə isə anlayırsan ki, geriyə yol yoxdur – yalnız irəli ehramın zirvəsinə qədər. Və nahayət gəlib çatırıq bir otağa, hansında ki, qəbirə oxşayan daşdan olan böyük bir qutu yerləşir. Belə otaqların sayı ondan artıqdır, lakin heç birində həqiqi qəbir yoxdur. Ehramın içərisində yeraltı keçidlər, labirintlər, qumla dolmuş boşluqlar hətta Sfinksə aparan yeraltı yol mövcuddur. Daha sonralar alimlər bu yolun nə üçün tikildiyi versiyasını irəli sürüblər. Güya ki, Heops ehramının içinə qarətçilər daxil olsaydılar, Sfinks`in dabanının altından töküləcək su həmin bu yeraltı yolla axıb oğruları yuyub aparacaymış. Nə bilim, bu misirlilərdən nə desən çıxan. Ehramlarda mövcud olan çoxsaylı boşluqların binanı zəlzələdən qoruması da bildirilir. Amma bir çox sualların cavabı hələ də açıq qalır.
Aslan bədənli, insan başlı mistik məxluq Sfinks ehramların ətəyində sanki cangüdən kimi uzanıb. Baxışlarını Şərqə yönəldən Sfinks bütöv bir daşdan kəsilib. Onun hündürlüyü 20, uzunluğu isə 57,3 metrdir. Hefren fironun heykəltaraşlıq portreti olan Sfinksin sifəti müdriklik və hakimiyyət təcəssümüdür. Hefren tərəfindən inşa edilmiş Sfinks`in böyük pəncələrinin yanında vaxtilə məbəd yerləşirdi.
Son illərə qədər tədqiqatçılar Sfinks`i ehramlara bir növ əlavə kimi qəbul edirdilər. Lakin indi bu abidənin ehramlardan yaşca daha böyük olduğu iddia olunur. Zəmanə və insanlar Sfinks`də öz izlərini qoyub. İnşa olunduğu vaxtdan Sfinks dəfələrlə qumun altında qalmış, lakin hər dəfə qazılıb çıxarılıb. Son dəfə bu XX əsrin əvvəllərində baş verib. Misir hökmdarlarından biri bu daş fiqurun burnunu kəsmək əmri verir, XVIII əsrin əvvəlində Sfinks`in sifəti toplardan atəşə tutulur, Napoleonun əskərləri isə onun gözlərini güllə boran edirlər. İngilis lordları fiqurun daşdan olan saqqalını qırıb Britaniya muzeyinə aparırlar. 1988-ci ilin yay gecəsi Sfinks`in boynundan nə az, nə çox – 350 kiloqramlıq bir hissə qırılıb gurultu ilə yerə düşür. Bu hissənin qopması lazımmış ki, Misir höküməti həyacan təbili çalsın. ABŞ`dan, Almaniya`dan və Fransa`dan gəlmiş mütəxəssislər Sfinks`in başında təhlükəli çatlar aşkar edirlər və bu qənaətə gəlirlər ki, XX-ci əsrdən abidə əvvəlki 4000 ildən daha çox zədə alıb. Abidənin bərpası başlandı, ingilislər apardıqları saqqalı geri qaytardılar, qopmuş hissələrin hamısı yerinə yapışdırıldı.
Misirlilər deyirlər ki, Sfinks danışanda dünya öz adi axarından çıxacaq. Qədim misirliləri deyə bilmərəm, amma indiki Misirdə gəzməyə çıxanda cibinizin həcmi qədər xırda pul götürün. Addım başı pul paylamalı olacaqsınız, elə baxşış, baxşış deyə deyə arxanızca qaçırlar. Arabaçı ilə atın qiymətini danışıb razılaşırsan, gəzintidən sonra pulu ödəyəndə soruşur ki, bəs baxşış?
Onu da deyim ki, Misirdə abidələr çox gözəl işiqlandırırlar. Bu səbəbdən də, bu tarixi yerlərin gecə ziyarəti başqa bir zövq verir insana. Bizim halda isə heç gedməyə də ehtiyac olmadı. Mehmanxanamızın damından çox gözəl mənzərə açılırdı ehramlara, tarixi məlumatlarla müşaiyət olunan xüsusi işıq effektləri isə axşam bu mənzərəyə xüsusi gözəllik verirdi.
Sfinks`in lap yanında yerləşən quyuya turistlər pul atır. Bizim də o vaxtlar analoqu olmayan, indi isə devalvasiyaya uğramış milli dəmir 50 qəpiyimi o quyuya tulladım. İndi bu sətirləri yazanda birdən fikirləşdim, bəlkə bizim manatımızı elə o vaxtdan üzməyə buraxmışam?
Qahirə – keçmişin canlı tarixi
Qahirə – dünyanın ən qədim dörd şəhərindən biri, heç vaxt yatmayan, minilləri adlayan daima canlı bir şəhər. Milyonçular və dilənçilər vətəni, Qərbin və Şərqin birləşdiyi bir yer. Bunların hamısına mən birini də əlavə edərdim – siqnallar şəhəri. Qahirə sürücüləri ayrıca bir mövzudur. Bizim avtomobilçilərin sürücülük vəsiqəsini almazdan evvəl musiqi məktəbini bitirməsini bilirdim. Misirlilər isə əməlli başlı konservatoriya məzunları imişlər, elə bil bütün şəhərdə siqnalizasiya qoşulub. Heyif ki, bu xüsusi effektləri yazı ilə çatdırmaq qabiliyyətinə malik deyiləm. İşıqfora da demək olar ki, fikir verən yoxdur. Yol keçmək üçün əlini qabağa uzadıb maşını saxlatmaq kifayətdir. Yol nəqliyyat hadisəsi adi haldır, salamat maşına çox nadir hallarda rast gəlmək mümkündür. Qəza baş verəndə heç özlərinə əziyyət verib maşından da enmirlər, elə pəncərəni azca aşağı salıb gülümsəyirlər və yollarını davam etdirirlər növbəti qurbana qədər.
Müasir Misirin paytaxtı demək olar ki, elə Sfinks`dən başlayır. Qahirə müasir göydələnlərdən ibarət məhəllələrin, qədimi iqamətgahların, şərq bazarlarının və hələ kifayət sayda olan köhnə əyri küçələrin qarışıqlığından ibarət bir şəhərdir. “Şərqin parıltısı və yoxsulluğu” (блеск и нищета Востока) mərfumunun nə olduğununa bu şəhərdə cavab tapırsan. Bir sözlə, Qahirə qədim keçmişin canlı tarixidir. Misir əhalisinin dörddə biri – 16 milyonu ölkənin paytaxtında yaşayır. Çoxsaylı göydələnləri ilə səmaya yüksələn şəhərin dizayn müxtəlifliyini qədim abidələr təşkil edir. Qahirə gözəl və əzəmətli Nil`dir, onun körpu və şərqsayağı bulvarları ilə və Qərbi təzahür edən brend otelləri ilə. Bu şəhərin küçə və rayonları oxşar deyil fərqlilik hər addımda özünü göstərir. Bilmirsən bu küçələrdə daha çox nədir – mağazalar, məhsullar, restoranlar yoxsa sadəcə təəssüratlar. Və, nəhayət, Qahirə indi bizdə çox dəbdə olan əsl multikulturalizm, dini azadlıq məkanıdır. Qədim dövrlərdən bu şəhərdə İslamın bir neçə qolunun və katolik və pravoslav xristianlığıqın mövcudluğu dediklərimi sübut edir. Əhalinin əksəriyyəti əlbəttə ki, müsəlmandır.
Mənim üçün bu şəhər İslam dünyasının ən önəmli bir ismi, yenilməz sərkərdəsi Salah Ad-Din`in ləqəbi ilə tanınan Yusuf ibn Əyyub adı ilə də bağlıdır. Üçüncü nəsildə muzdlu əsgər olan Salah Ad-Din onun bioqraflarının sözlərinə görə Evklid və Alqamest`in suallarına cavab verəcək qədər bilikli olub, riyaziyyat və islam hüququnu gözəl bilirdi, Abu Təmmas`ın on tomluq ərəb şairlərinin şeirləri toplusu olan Kitabi Al-Xamasa`nı əzbərdən söyləyirdi. Səlibçilərin qatı düşməni olan Salah Ad-Din öz cəsarəti və düşmana qarşı olan alicənablığı ilə xristian Avropasında böyük hörmətə malik idi. Səlibçilərin başçılarından biri olan İngiltərə kralı birinci Riçard onu özünə dost sayırdı, baxmayaraq ki, həyatda cəmi bir dəfə görüşmüşdülər. Şərqin tarixində Salah Ad-Din Qərbin işğalının qarşısını alan, islam qüvvələrini Qərbə yönəldən və müxtəlif islam güclərini birləşdirən, öz şəxsiyyətində İslamın yüksək ideallarını və keramətini təcəssüm edən fateh kimi qaldı. Elə Salah Ad-Din`ə olan məhəbbətim Qahirədə ilk turizm obyekti seçimində öz rolunu oynadı – şəhərin vizit kartı olan islam özəyinin məskəni 1176-cı ildə dahi sərkərdənin dövründə inşa olunan Salah Ad-Din qalası. Şəhərin mərkəzi kvartallarından cənub şərqdə yerləşən qaladan bizim vaxtlara salamat çatan yalnız cənub və şərq xarici divarlarıdır. Əsas meydana iki yol aparır. Soldan – Sultan Al-Nasr məsçidi, düz – 1857-ci ildə tamamilə misir alebastrından tikilən Muhammed Ali məsçidi. Məsçidin içərisində girişdən sağda Misiri birləşdirən Muhammed Ali`nin qəbri yerləşir. Məhs o, 1 mart 1811-ci ildə bu qalaya ölkənin 480 qəbilə başçılarını dəvət edib hamısını elə buradaca öldürərək Misirdə illərlə davam edən qardaş qırğınlarına son qoyur. Qala şəhərin ən yüksək nöqtəsində yerləşdiyindən buradan Qahirəyə gözəl mənzərə açılır. Qərb divarından min ildən çox tarixləri olan Sultan Hasan və İbn Tulun məsçidləri görsənir. Daha uzaqda köhnə şəhəri, lap aralıda isə Qiza və Sakkara`nın ehramlarını görmək olur.
Qaladan çıxarkən oğlum blokpostda dayanan polislərlə şəkil çəkdirmək istədi. Bu istəyimizi polislərə bildirdikdə onlardan biri gedib komandirlərini çağırdı. O isə çox mədəni şəkildə fotonu sosial şəbəkələrdə biz tərəfdən yayılması mümkünlüyünü bildirərək bu ideyanı elə kökündəcə boğdu. Başa düşdüm ki, bu polislərin üzlərinin tanınmasından doğan narahatlıqdır. Onu da deyim ki, blokpostlar yalnız Qahirədə deyil, Misirin bütün şəhərlərində var. Ən vahiməlisi isə Qahirə Milli Muzeyinin girişində – altı ədəd hərbi zirehli maşın və onların önündə betonun üstündə quraşdırılmış pulemyotun arxasında üzü bizə tərəf hazır vəziyyətdə dayanan pulemyotçu. Bir sözlə muzeyə daxil olmazdan əvvəl adrenalın qəbul etmiş olursan.
1858-ci ildə fransız misirşünas Auguste Mariette tərəfindən təsis edilən və Qahirənin qüruru sayılan bu muzey qədim Misir dünyasının ən zəngin kolleksiyasına malikdir. Qahirə muzeyinə tezdən gəlmək məsləhətdir ki, muzey açılan kimi ora daxil olasınız və tez qalxıb ikinci mərtəbədə saxlanılan Tutanxamonun qızıl maskasına baxasiniz. Birazdan bu otağın qarşısında növbə yaranacaq. Buranı gəzdikdən sonra isə rahat şəkildə muzeyin qalan hissələrinə baxmaq olar. Qədim ehramlar ölkəsinin bütün tarixi göz önündə – Qizada qazıntılar vaxtı tapıımış Hefren`in heykəli, Sakkarada tapılmış Cossser`in heykəli, fironların heykəlləri…. Məşhur Nefertiti`nin həyat yoldaşı olan Exnaton`un epoxasına ayrıca zal həsr edilib. Bu zalda fironun Karnak`dan gətirilmiş nəhəng heykəli və dünyaca məşhur olan və şüşə arxasında saxlanılan Nefertiti`nin heykəli və s.
İnqilabdan sonra məşhurlaşan Təhrir meydanı Muzeyin yanında yerləşir. Bizim uşaqlar üçün isə bu meydana marağın səbəbi burada yerləşən KFC idi. Uşaqlarla sürücü qidalanana qədər Təhriri o başdan bu başa gəzib burada yaşananları təsvir etməyə çalışdıq və təbii ki, nətəri lazımdı “selfiləşdik”.
Köhnə şəhərin qalın divarları arxasında kopt (xristian) Qahirəsi yerləşir. Xristianlıq Misirdə hələ III-cü əsrdə islamdan çox əvvəl yayılıb. Əvvəl onunla Nil`in qədim Allahlarına itayət edənlər vuruşur, sonra isə Ərəb yarımadasından gələn İslam. Amma bunlara baxmayaraq Misir xristianları özlərini və dinlərini qoruya bildilər. Burada olarkən öyrəndim ki, Misir xristianlarının sol biləklərində romb formasında xüsusi tatuları var. Mənasını öyrənə bilməsəm də, təxmin etdiyimə görə çətin ki, bu onların rəssamlığa meyllilikləri ilə izah olunsun. Ən qədim abidələri isə IV-cü əsrdə müqəddəs Məryəm`in adına ucaldılmış El Mulakka asma kilsəsidir. Nil`in sahilində yerləşən Babil qəsrinin cənub darvazaları üzərində inşa edilən bu məbəd sanki suyun üstündə dayanıb.
Qahirə deyəndə həm də Fatemilər tərəfindən 988-ci ildə inşa olunmuş və Məhəmməd peyğəmbərin (s) qızı Fatimeyi Zəhra`nın adını daşıyan Al-Ashar universiteti yada düşür. Bu məsçid Fatemilərin rəsmi məsçıdı sayılırdı. 975-ci ildən məsçiddə şiyəliyin əsasları tədris olunmağa başlayır. Fatemilərin süqutundan sonra Al-Ashar əvvəlki önəmliyini itirir və sıravi sünni məsçidi səviyyəsinə endirilir. Bu təhsil ocağının kitabxanasında olan 2 mln yaxın kitab isə satılr ya da dağıdılır…Müasir Al-Ashar Misirin konstitusiyasında adı çəkilən bir brendə çevrilib. İndiki Al-Ashar bütün ərəb şərqində ən böyük universitet sayılır.
Universitetdən yolumuzu saldıq Qahirənin ən maraqlı bir yerinə – Xan El-Xəlili. Uşaqlıqdan eşitdiyim Şərq nağılı bura imiş. 700 il əvvəl Sultan Əl-Əşrəf tərəfindən yaradılan bu bazarın ucu bucağı bilinmir. Təsəvvür edin ki, bazarın altı girişi və on iki “muxtar vilayəti” var. Misirdə istehsal olunan və Misirə müxtəlif yollarla gətirilən istənilən malı burada tapa bilərsiniz. Yaxşı bazarlaşsan bu bazardan uçan xalça və ya Ələddin`in sehrli çırağınının xoşbəxt sahibi kimi də ayrılarsan. Buranı saatlarla gəzib və heçnə almaya da bilərsən, məsələn bizim kimi. Adam əlindən tərpənmək mümkün deyil, satıcıların qışqırıq səsləri isə insanın lap beyninə işləyir.
Elə gəzintimiz başa çatırdı ki, sürücümüzün yadına bir maraqlı fakt düşdü. Düzünü deyim, səfərdən əvvəl bu haqda heç məlumatım yox idi, sən demə Qahirədə Ər-Rifahi məsçidində İran şahı Rza Pəhləvi`nin qəbri yerləşirmiş. Gedib onu da ziyarət edib missiyamızı bitmiş hesab etdik.
Qahirədə adını çəkmədiyim digər də çox maraqlı tarixi tikililər və yerlər var, saymaqla bitmir. Və onu da deyim ki, Qahirə, umumiyyətlə Misir, olduğum ölkələr arasında yeganə yerdir ki, adamı özünə çəkir. Yenə də imkan düşsəydi böyük məmnuniyyətlə gedib bu ölkəni qarış qarış gəzərdim. Bəlkə də buna səbəb ucuz nəqliyyatdır – günü 20 dollara taksi sürücüsü sizi gün doğandan batana qədər gəzdirir. Günəş isə buralarda çoooox gec batır.
Mətin Rəhimli
(Yazı rahimli-org.blogspot.com-dan götürülüb)