Milli Şura yanvarın 31-də Azərbaycan Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadənin doğum günü ilə əlaqədar anım mitinqi keçirib. Mitinq Rəsulzadənin doğulduğu Novxanı kəndində, böyük öndərin Bakıdakı yeganə abidəsi önündə olub.
Milli Şura üzvləri və tərəfdarları, o cümlədən AXCP fəalları abidənin olduğu parka mərkəzi yoldan başlayaraq, yürüşlə gediblər. İzdihamlı yürüş boyu “Rəsulzadə-Elçibəy, başqa böyük yox!”, “Heykəli bircə kənddə, nüfuzu məmləkətdə!”, “İnsanlara hürriyət, millətlərə istiqlal!”, “Azadlıq!” kimi şüarlar səsləndirilib.
Mitinqin aparıcılığını AXCP Gənclər Komitəsinin sədri İlham Hüseyn edib.
Mitinqdə Milli Şura sədri Cəmil Həsənli və AXCP lideri Əli Kərimli çıxış edərək, Rəsulzadənin tarixdəki yüksək yeri, Azərbaycan dövlətinin qurulması, Sovet işğalından sonra isə onun bərpası uğrunda apardığı mücadilədən, ictimai-siyasi xadim kimi çoxşaxəli fəaliyyətindən, xalqımızın taleyində oynadığı əvəzsiz roldan bəhs ediblər.
“Bu gün Azərbaycanın taleyində və tarixində istiqlal mücadiləsi yolunda böyük hünər göstərmiş, ad qoymuş Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür. Rəsulzadəni yetirən millətə eşq olsun!”, – deyə professor Cəmil Həsənli bildirib.
Milli Şura sədri Rəsulzadənin həyatından da danışıb: “1884-cü il yanvarın 31-də bu gün olduğumuz bu kənddə , axund ailəsində bir uşaq dünyaya gəldi. Ilk təhsilini valideynlərindən və mədrəsədə alsa da, sonralar təlatümlü hadisələrin mərkəzində dayandı və zaman Rəsulzadəni çox vaxtında ictimai proseslərin mərkəzində oturtmuş oldu. Gənclik illərindən , ilk mətbuat yazılarından onun intellektliliyi, uzaqgörənliyi, millətinə bağlılığı göz qabağında idi. Rəsulzadə ictimai-siyasi proseslərin səhnəsinə gələndə Azərbaycan xalqı yol axtarırdı. Bu yolun hədəflərini verən var idi, lakin onu bir sistem, nəzəri baxışlar, konseptual istiqamətlər kimi formalaşdırmaq missiyası Rəsulzadənin üzərinə düşdü”.
Rəsulzadənin təklifi Azərbaycana müstəqillik gətirdi
Cəmil Həsənli qeyd edib ki, Azərbaycanın milli qurtuluş tarixi Rəsulzadənin adı ilə bağlıdır: “Biz 20-ci əsrin əvvəllərində Azərbaycanın həm şimalında, həm cənubunda baş verən hadisələrin mərkəzində Rəsulzadəni görürük. Bakı hadisələri, 1907-ci il hadisələri barədə mətbuatda müstəsna əhəmiyyətli yazıların müəllifi Rəsulzadə olub. O, məşrutə inqilabı haqqında Bakı mətbuatına məlumat verən ilk müxbirlərdən biri oldu. Məhəmməd Əmin Rəsulzadə Səttarxan Sərdari Milli ilə görüşə Bakıdan ezam olunmuş yeganə curnalist idi.
Rəsulzadə həm Iranda , həm Türkiyədə maraqlı bir həyat yolu keçdi, siyasi prosesləri izlədi. Bu dövrdə Rəsulzadənin həm nəzəri, həm ictimai baxışlarında yetkin bir siyasətçi obrazı görünürdü. 1913-cü ildə vətənə qayıtdıqdan sonra “Milli birlik fəlsəfəsi” əsərini yazdı. Yeddi məqalədən ibarət bu silsilə yazılarda istiqlala gedən yolun nəzəri müddəaları əsaslandırılmışdı, müstəqillik hədəf olaraq göstərilmişdi, müstəqilliyi olmayan xalqların tarixin səhnəsindən silinəcəyi barədə fikirlər irəli sürülmüşdü.
1917-ci il inqilabından sonra Rəsulzadənin üçüncü bir proses səhnəsində iştirakının şahidi oluruq. O, Bakıda və Təbrizdə bu proseslərə rəhbərlik edərək, ümum Rusiya səhnəsinə çıxmışdı. Bu ümumRusiya müsəlmanlarının qurultayı idi. Rusiyanın müxtəlif müsəlman və türk yurdlarından minə yaxın nümayəndənin iştirakı ilə baş tutmuşdu. Əlimərdan bəy Topçubaşovun sədrlik etdiyi iclasda Rəsulzadə Rusiyanın quruluşu barədə öz məşhur müddəasını vermişdi və ərazi muxtariyyatı ideyasını irəli sürmüşdü. O dövrdə türk və müsəlman xalqlarının bir hissəsi ərazi muxtariyyatı ideyasına hazır deyildilər. Onlar milli-mədəni muxtariyyat ideyasını daha məqbul hesab edirdilər. Böyük səs çoxluğu ilə Rəsulzadənin təklifi qəbul olundu. Bu ideya Azərbaycana müstəqillik gətirdi”.
Xalq Cümhuriyyətinin və Rəsulzadənin yaratdığı nümunələr
Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ay yaşadığını yada salan Cəmil Həsənli vurğulayıb ki, bu, tarix üçün elə də uzun zaman deyildi. Amma bu müddət ərzində cümhuriyyət böyük bir nümunə göstərdi – dövlətin millətə xidmət nümunəsi! Millətin tarix səhnəsinə çıxmaq nümunəsi! Vətən və istiqlal uğrunda ölmək nümunəsi!
“Bir sira tarixçilər cümhuriyyətin müqavimətsiz təslim edilməsi ideyasını irəli sürürlər , bu, tamailə yanlışdır. Gəncədə, Qarabağda – Azərbaycanın hər bir yerində sovetləşməyə qarşı mübarizə aparıb, canlarını qurban vermiş onminlərlə gənclər kimlər idi? Bunlar hamısı o istiqlal ruhundan qidalanmış, vətən uğrunda ölməyi şərəf bilən gənclər idi. Onlara eşq olsun! Rəsulzadənin sonrakı ömrü də bir nümunə idi. O, həyatının böyük bir hissəsini xaricdə mühacirətdə yaşadı. Amma vətənə xidmətin böyük bir örnəyini verdi. Eşq olsun Rəsulzadəyə! Eşq olsun Rəsulzadə sevənlərə!”, – deyə Milli Şura sədri çıxışının sonunda vurğulayıb.
Özünü xalqına qurban vermiş fədai…
AXCP sədri Əli Kərimli çıxışında Rəsulzadəni çətin zamanlarda üzərinə liderlik məsuliyyəti götürərək bu dövlətin qurulmasında müstəsna xidməti olan şəxsiyyət adlandırıb: “Bugünkü tədbiri planlaşdıran zaman dostlardan bir çoxu soruşdu ki, biz nə vaxta kimi Rəsulzadənin doğum gününü Novxanıda, bu abidənin qarşısında qeyd edəcəyik” Həmin cavabı sizə də demək istəyirəm: – Biz Novxanıya hər zaman gəlib-gedəcəyik, çünki Rəsulzadənin əzizlərinin, atasının, oğlunun məzarı var. Amma Rəsulzadənin məzarı Bakıya gətiriləcək və ən böyük abidə də ona qoyulacaq. Onun ad günü orada da qeyd olunacaq! Bu, Azərbaycan dövlətinin qurucusunun yeganə abidəsidir, ona görə də biz onun doğum günündə bura gəlirik.
Rəsulzadə yüzminlərlə insan üçün Azərbaycan dövlətinin qurucularından biridir. Həm Azərbaycan dövlətçiliyinin fikir olaraq qurucusudur, həm də əməldə həmin çətin zamanda üzərinə liderlik məsuliyyəti götürərək, o dövlətin qurulmasında , formalaşmasında , bizlərə əmanət edilməsində, üçrəngli bayrağın dalğalanmasında müstəsna xidmətləri olan bir şəxsiyyətdir. Xalqımız haqlı olaraq bu böyük şəxsiyyəti sevir və onunla qürur duyur”.
Əli Kərimli qeyd edib ki, Məhəmməd Əmin Rəsulzadə təkcə siyasətçi, ideoloq, dövlət xadimi deyildi: “Rəsulzadə millətimizin böyük yazarı, tarixçisi, ədəbiyyatşünası, publisisti idi. Ən vacibi, özünü Azərbaycan dövlətinə, xalqımıza və millətimizə qurban vermiş bir fədai idi. Bizim Rəsulzadədən öyrənəcəklərimiz çoxdur. Amma ən ümdəsi, öz həyatını millətə sevgi ilə yaşamaqdır, öz həyatını millətinə həsr etməkdir. Rəsulzadənin ruhu hər zaman bu dövlətin üzərindədir! Inşallah, o üçrəngli bayraq onun vəd etdiyi kimi heç zaman enməyəcək və Azərbaycan dövlətçiliyi haqq etdiyi mövqeyə gəlib çıxacaq!”
Rejimin Rəsulzadə-Elçibəy davası
AXCP sədri çıxışında Azərbaycanda hazırkı hakimiyyətin Rəsulzadəyə qarşı münasibətinə də toxundu: “Dostlar haqlı olaraq sual verirlər ki, bu hökumətin, bu rejimin Rəsulzadə ilə davası niyə bitmir? Cavab verirəm: – Çünki sülalə hakimiyyəti və respublikaçılıq bir-birinə daban-dabana ziddir”. Baxın, Azərbaycan tarixində iki dəfə xalqın seçdiyi hakimiyyət formalaşıb – Xalq Cümhuriyyəti dövründə və Əbülfəz Elçibəyin hakimiyyətdə olduğu zamanda. Bu iki dövrdə hakimiyyət təmiz əllərdə olub. Azərbaycana 23 il rəhbərlik edən sülalə hakimiyyəti bu 23 ildə iki təmizlik simvolları ilə mübarizə aparır. Çünki o simvolların kölgəsində özünün çox pis göründüyünün fərqindədir. Çünki Xalq Cümhuriyyəti, Əbülfəz Elçibəy deyəndə Azərbaycan xalqı əmin olur ki, korrupsiya , natəmizlik bizim qanımızda deyil. Bu xalqın içindən fədakar oğullar çıxa, öz həyatlarını millətə sərf edə bilir. Amma indiki hakimiyyət narahatdır ki, onların dünyada korrupsiya çempionu olmalarının izahı iflas olmuş olur. Ona görə də onların davaları bitməyəcək, biz onların özlərini bitirənə qədər”.
“Görün Azərbaycan xalqını haradan hara gətiriblər…”
Əli Kərimli ölkədəki ictimai-siyasi durumdan da danışıb: “Fredoom house” təşkilatı bu yaxınlarda çox mühüm bir hesabat təqdim etdi. Dünya üzrə azadlıq indeksindən söhbət gedirdi. Məlum oldu ki, bu gün dünyada 86 azad dövlət var, yəni onlarda azadlıq və demokratiya bərqərar olub.Təbii ki, biz onların sırasında deyilik. 59 yarımazad dövlət var, biz onlarında da arasında yoxuq. Bunlar ikisi bir yerdə 145 etdi. Biz digər 50 dövlətlə birlikdə azad olmayanların sırasındayıq. Amma o azad olmayanların içərisində 15 dövlət bizdən daha azaddır. Yəni biz azadlıq indeksinə görə, 160 dövlətdən sonrayıq. Amma Rəsulzadə və onun əqidədaşları Xalq Cümhuriyyətini quranda Azərbaycan dünyada 25 demokratik dövlətdən biri idi. Görün Azərbaycan xalqını haradan hara gətiriblər…
Əlbəttə, biz qürurluyuq ki, mübarizəmizlə yenidən dövlət müstəqiliyimizi bərpa etmişik, bu üçrəngli bayraq yenidən dövlət bayrağımızdır. Amma təəssüf ki, biz hələ Xalq Cümhuriyyətinin , Elçibəy hökumətinin prinsip və prioritetlərini, demokratiyanı, ədaləti, azadlığı hər kəs üçün hələlik bərqərar edə bilməmişik”.
Mitinqdən sonra Novxanı qəbristanlığında Rəsulzadənin doğmalarının məzarı ziyarət olunub.