Azərbaycan Bankları yaradıldıqları ilk gündən əxlaqsızlıqla məşğul idilər. Nəticədə, insanlara heç bir həzz, zövq, xeyir vermədən müxtəlif sağalmaz xəstəliklərə yoluxdurdular. Axı harda görünüb ki, ölkənin rəsmi pul vahidi manat olsun, bankın verdiyi kredit sənəddə dollarla yazılsın? Demək, banklar insanlara xidmət üçün yox, xalqı məhv etmək üçün yaradıldılar.
Məsələn, Xəzərdə ada salacaqlarını, dənizin dibi ilə metro tikəcəklərini, ulduzlara asfalt yol… çəkəcəklərini deyən fırıldaqçılara milyonları ən aşağı faizlə, manatla veriblər, amma ağır xəstəsi, övladının təhsili, balaca bir daxmanı tikmək istəyən, beş-altı qoyun-quzu almaq üçün kredit götürən kasıb camaatın borcunu dollarla, yüksək faizlə sənədləşdiriblər. Fırıldaqçıların kefə xərclədiyi pulları banklar imkansız insanlardan tələb edir. Guya əllərində “krediti dollarla götürmüsən” adlı sənəd-sübutları var. Ay Allahsızlar, bəyəm dollar qaz, ördək, toyuqdur ki, altına yumurta yığasan cücələsin? Bəlkə, dollar mirvaridir, camaatın təri, dərisi ilə təmasa girib, boyun-boğazlarında balalayır? Bəziləri banka borcu olanları tənqid edir, deyirlər ki, niyə kreditlə maşın alırdınız, ev təmir edirdiniz, uşaq oxudurdunuz. Axı niyə də etməsinlər? Bütün normal ölkələrdə imkansız insanlar problemlərini bank xidməti sayəsində yoluna qoyur. Amma bizdə isə süd-yağ dənizində üzənlər çörəyi güclə ala bilənlərin hesabına nəsillərinə “Bal Adası”, “Xəyal Adası” yaradırlar…
Yanvarın 14-ü valyutadəyişmə məntəqələri rəsmən bağlandı, quldurlar oğurladıqları pullar üçün “Dollar bazarı” açdılar. Yanvarın 15-i başıma gələnlərdən nəinki köşə yazmaq, qorxulu bir film çəkmək olar: xaricdə təhsil alan övladıma təcili pul yollamalı idim, amma manatı dollara dəyişə bilmirdim. Doğrudur, qapı-pəncərəsi bağlı valyutadəyişmə məntəqələrinin yanından keçəndə ağzı şərflə bağlı, papağını gözlərinin üstünə basan, qara əlcəkli iki-üç kişi mənə yaxınlaşıb yavaşca dedi ki, dollar lazımdırsa, arxamızca gəl. Amma kim idi onların arxasıyca gedən, qorxudan tez yaxınlıqdakı banka getdim, kök xəzinədar şüşə arxasından hırıldaya-hırıldaya “dollar yoxdur, Mərkəzi Bank vermir” dedi. Hardasa 4-5 banka getdim, hamısında – “Para Bank”da, “Tikə Bank”da, “Lülə Bank”da… vəziyyət eyni idi, dollar yox idi.
“Oğru Bank”da isə xəzinədar dəmir siyirmənin içinə bir kağız və qələm qoyub mənə ötürdü. Kağızda yazılmışdı: “Telefon nömrəni yaz, arxana baxmadan get, sənə zəng edəcəklər”. Iki-üç saat küçələrdə, dükanlarda boş-boş veyilləndim. Nəhayət, gözlədiyim zəng gəldi: “…mebel dükanının yanına çatanda sağa dön və sonra gözlərini bərk-bərk yumub əlli addım irəliyə get, sonra isə sola dönüb yüz addım irəliyə gedib, dayan. Yerində üç dəqiqə fırlan, sonra gözlərini aç”.
Əmrlər qorxulu olsa da onlara əməl edə-edə balaca uşaq kimi əylənirdim. Sonuncu tapşırıq isə əla idi, çiynimdəki qara örtünü Konya dərvişləri kimi tez kənara atıb, gözlərimi yumub, qollarımı quş qanadları kimi açıb fırlanmağa başladım. Fırlandıqca əynimdəki enli ağ ətək çətir kimi açılır, mənə xüsusi zövq verirdi. Əgər telefonda mənə “bəsdir fırlandın!” əmri gəlməsəydi, göyə uçana kimi fırlanacaqdım. Gözlərimi açanda 23-25 yaşında, hündürboylu, gözəl-göyçək bir oğlanın iyirmi addım uzaqda, küknar ağaclarının altında dayanıb mənə baxdığını gördüm. Gənc o qədər gözəl idi ki, sanki dollara deyirdi sən çıxma, mən çıxım, avroya deyirdi, sən şəfəq saçma, mən saçım.
Üzr istəyirəm, dəhşətli dollar axtarışından sonra şokdayam, hər yeri dollar şəklində görürəm, hətta bu yaxında mağazada bir kilo düyü yerinə çaşıb satıcıya dedim ki, “bir kilo yumru dollar çəkin”.
Nə isə, qayıdaq məni heyran edən gəncin yanına: Ay kimi gözəl, Günəş kimi şəfəq saçan gənci görəndə ağlıma ilk gələn o oldu ki, nə əcəb bu yaraşıqlı gənci əsgərlikdə öldürməyiblər, həbs etməyiblər. Axı Azərbaycanda ən seçmə gəncləri ya əsgərlikdə öldürürlər, ya da günahsız yerə həbs edirlər. Əslində, elə onu da öldürmüşdülər: oğlum yaşda olan bir gəncin sevgilisi ilə görüşə çıxıb həyəcanlanmaq əvəzinə, anası yaşda bir qadınla ağacların dibində qorxa-qorxa pul mübadiləsi etməsi onun üçün də, mənim üçün də ölümdən betər idi. Ay namərdlər, milləti cılızlaşdırıb, məhv etmək tapşırığını hansı şərəfsizdən aldınız?!.