Əli Kərimli: «İslahatların önü açılmasa, xalq üçün də, özləri üçün də çox pis sonluq hazırlayırlar»
AXCP sədri Əli Kərimli “Amerikanın səsi” radiosuna müsahibəsində sosial-iqtisadi böhran, siyasi situasiya, qarşıda duran vəzifələr, müxalifətin böhrana baxışı və iqtidarın məsuliyyətindən danışıb:
– Ölkədəki durum sosial-siyasi gərginliyə yol aça bilərmi? Hökumətin apardığı siyasət vəziyyəti müsbət məcraya yönəldə biləcəkmi?
– Çox təəssüf ki, ölkədə sosial-iqtisadi böhran günü-gündən dərinləşir. Hökumət heç bir adekvat addım atmır. Hökumətin atdığı addımların heç biri hədəfinə yetişə bilmir. Faktiki, hökumət böhranın qarşısında acizdir. Bu baxımdan, əlbəttə, bu sosial böhran siyasi böhrana da keçəcək. Əslində, indiyədək keçərdi, əgər Azərbaycan cəmiyyətində qorxu güclü olmasaydı. Bu gün qorxu güclü olduğundan, hələlik o siyasi narazılıqlar ifadə olunmur. Amma Azərbaycan hökuməti öz legitimliyini hər gün itirir. Mən yazmışdım ki, manatla birgə Azərbaycan hakimiyyəti də devalvasiyaya məruz qalır. Çünki Azərbaycan xalqı görür ki, onun hökuməti nə qədər acizdir və yalnız öz maraqlarını düşünür. Xalqı bu böhrandan çıxarmaqdan ötrü heç bir təsirli tədbir görmür.
– Bu durumdan çıxmaq üçün AXCP-nin proqramı varmı? Təklifləriniz nədir?
– Bəli, mən təkliflərimi dekabrın sonlarında da yazdım, həm sosial şəbəkələrdə, həm mətbuatda xalqa elan etdim, hakimiyyətə də təqdim olundu. Mahiyyəti on təklifdən ibarət idi. Qısaca deyə bilərəm ki, söhbət birmənalı şəkildə və inzibati yolla korrupsiyanı, inhisarı durdurmaqdan gedirdi. Dövlət monopoliyasında olan şirkətlərin mal və məhsullarının qiymətinin artmamasından, sosial məşəqqətli təbəqələrə yardımların verilməsindən, yerli istehsalın stimullaşdırılmasından, sahibkarlığın dəstəklənməsindən, kənd təsərrüfatının üstün, prioritet qaydada inkişafından, ölkənin yerli və xarici sərmayələr üçün açılmasından, nəhayət, ölkədə çox ciddi siyasi islahatların başlanmasından söhbət gedirdi. Əgər bu təkliflər kompleks şəkildə həyata keçirilsə, əlbəttə ki, böhrandan çıxmaq olar. Hətta bu yaranmış vəziyyətdən ölkənin yeni mütərəqqi iqtisadiyyatının qurulması üçün istifadə etmək olar.
– Ölkədə təhlükəli böhranlı vəziyyət yaranarsa, sizin addımlarınız necə olacaq?
– Bizim əsas məqsədimiz ondan ibarətdir ki, Azərbaycan xalqı bu böhran şəraitində mütəşəkkil, təşkil olunmuş qaydada hərəkət etsin, ölkədə heç bir xaosa imkan yaradılmasın, yaranan siyasi böhran qeyri-qanuni müstəviyə keçməsin və bundan ötrü həm Xalq Cəbhəsi Partiyası, həm Milli Şura əlindən gələni edəcək ki, ölkədə yaranmış vəziyyətlə əlaqədar etirazlar istisnasız olaraq dinc mübarizə çərçivəsində həyata keçirilsin.
– Son dövrlər ictimai fikri, o cümlədən sosial şəbəkələrdə iqtidara və müxalifətə münasibəti necə müqayisə edərdiniz?
– İctimai fikir çox sürətlə dəyişir. Sosial şəbəkələr bu gün Azərbaycan cəmiyyətinin aynasıdır. Çünki Azərbaycanda real həyat yoxdur. Demək olar ki, Azərbaycan böyük bir həbsxanaya çevrilib. Ona görə də insanların fikir azadlığı yoxdur. Amma sosial şəbəkələrdə milyonlarla insan fikrini ifadə edir və Azərbaycan hökumətinin siyasətindən hədsiz narazılıq var. Azərbaycan müxalifətinin təkliflərinə böyük maraq var. Insanlar böyük bir dəyişikliyə kökləniblər. Hazırda bunu deyə bilərəm. Əslində, gərək hökumət də belə məqamlardan istifadə etsin, sosial şəbəkələri monitorinq eləsin. Monitorinq edirlər, amma nədən ötrü? Çox sərt tənqidi yazan adamları şərləsinlər, böhtanla onları həbs etsinlər, uzaqlaşdırsınlar. Amma bu monitorinq ona yönəlməlidir ki, xalq nə düşünür? O cümlədən, hökumət haqqında nə düşünür? Xalq necə od püskürür? Ilin-günün bu vaxtında hökumət hər şeyi edir ki, korrupsionerlər, oliqarxlar daha çox qazansın, amma xalqın, sadə insanların taleyini düşünən yoxdur. Xalq bundan çox hiddətlidir, Azərbaycan hökumətinin bundan xəbəri olmalıdır.
– Bu günlərdə əminiz oğlu Inqilab Kərimova qarşı cinayət işi qaldırılıb. Bu nədən qaynaqlanır, səbəbi nədir?
– Formal olaraq, Inqilabın sosial şəbəkədə yazdığı bir şərh əsas götürülüb. Qənimət bəy (“Azadlıq” qəzetinin baş redaktoru) məlumat yaymışdı ki, Avropada yaşayan azərbaycanlılara qarşı vaxtilə Rusiya hakimiyyətinin Litvinenkoya (Rusiya təhlükəsizlik xidmətinin Britaniyada öldürülmüş keçmiş zabiti) qarşı istifadə etdiyi terrordan istifadə olunacaq. Inqilab bəy də belə bir hadisə olacağı təqdirdə zorakılığa zorakılıqla cavab verəcəyini ifadə edib. Mən yenə də onu səhv sayıram, qınayıram onun bu açıqlamasını. Amma bunu açıq demək lazımdır ki, Azərbaycan hökuməti də onun bu səhvindən əslində, sui-istifadə edib. Çünki Inqilab bəyin 2005-ci ildə meydanda beli sındırılanda, Azərbaycan hökuməti hara baxırdı? Inqilab bəyin oğlunu maşınla vuranda Azərbaycan hökuməti hara baxırdı? Nəhayət, “Litvienkonun başına gələnlər indi Azərbaycan diasporasının nümayəndələrinin də başına gələcək” – bəyanatına niyə münasibət bildirilmir, cinayət işi qaldırılmır, araşdırma getmir ki, hansı xüsusi xidmət orqanları Azərbaycan diasporasını təzyiq altında saxlayır. Ümumiyyətlə sosial şəbəkələrdə belə açıqlamalar, yersiz açıqlamalar olur və bir qayda olaraq, Respublika Prokurorluğu onlara göz yumur. Yeganə olaraq, bu hadisədə Inqilab bəyə qarşı gözlərini açıblar.
– İndiki mövcud durumda ictimaiyyətə, hökumətə sözünüz varmı?
– Bəli, məsuliyyətlərini hiss etmirlər. Mənim müşahidəmə görə, Azərbaycan hökuməti ölkədə nə baş verdiyini anlamır. Söhbət yalnız neftin qiymətinin düşməsi nəticəsində kəskinləşmiş sosial böhrandan getmir. Ölkədə iqtisadi, siyasi sistemin iflasından söhbət gedir. Olduqca köklü və dərin islahatlar olmadan bu vəziyyətdən çıxış yoxdur. Bu islahatların önü açılmasa, xalq üçün də, özləri üçün də çox pis sonluq hazırlayırlar. Ona görə də mən Azərbaycan hökumətinin məsuliyyətli olmağa çağırıram. Məsuliyyətlərini dərk etməlidilər, dərin hərtərəfli islahatların önünü gecikmədən açmalıdılar.