Söhbət, həm də kimin kimi necə tanımasından gedə bilər. Buna görə də, İlham Əliyevin özünün prezident olmazdan əvvəl və sonra istər dünyada, istərsə də Azərbaycanda necə tanındığı barədə də danışa bilərik. İndi birmənalı olaraq deyə bilərik ki, onu dünyanın bir nömrəli “korrupsioner prezident”i kimi tanıyırlar. Bundan əlavə, hakimiyyəti saxta seçkilərlə ələ keçirdiyi zamandan indiyə qədər keçirdiyi bütün seçkilərin də saxta olduğu hər kəsə bəllidir. Bu, əslində onun özünün qeyri-legitim və qanunsuz prezident olması və uzurpator kimi tanınması deməkdir.
Əli Kərimli isə müxalifət partiyasının lideridir, lideri olduğu Azərbaycan Xalq Cəbhəsi Partiyası da ölkənin aparıcı təşkilatıdır. İndi dünyada bir siyasətçi və prezident üçün ən arzuolunmaz imicə sahib olan birisinin Xalq Cəbhəsini, Əli Kərimlini isə bu partiyanın lideri olaraq tanımaq istəməməsi bizim mübarizəmizə nə xələl gətirir ki? Biz öz mübarizəmizdən geri çəkiləsi deyilik.
Bu hakimiyyətin Əli Kərimliyə qarşı bəslədiyi kinin, qərəzin dərəcəsindən asılı olmayaraq, onun mövqeyini bu hakimiyyət yox, on minlərlə AXCP üzvü müəyyən edir. AXCP üvləri üçün isə o bir liderdir, diktaturaya qarşı mübarizənin öncül ismidir. Biz cəbhəçilər Əli Kərimli ilə birlikdəyik, onunla birlikdə Azərbaycanda sülalə hakimiyyətinin sonuna qədər mübarizə aparıb ölkəmizə demokratiyanı və insan azadlıqlarını gətirəcəyik. Sülalə hakimiyyətinin qurduğu bu korrupsiya rejimini məhv edəcəyik.
Bunların bu yaramaz siyasəti ölkəni uçuruma doğru hər gün daha artıq sürükləməkdədir. Ölkədə bütün siyasi və iqtisadi münasibətlər dağılmaqdadır. Normal hökumət, ağıllı və tədbirli dövlət başçısı ölkəni bu günə salmaz, hətta bu dərin böhran onun iradəsidən kənar baş versə belə, ya bu böhranı aradan qaldırar, ya da özünün və komandasının bacarıqsızlığını etiraf edərək istefa verib gedərdi. Amma bu adam Əli Kərimlini Xalq Cəbhəsinin lideri olaraq tanımamaqla ölkəni böhrandan xilas edəcəyini düşünür. Millətin problemləri başdan aşır. Qarabağ problemi hər gün daha dərin düyünə salınır. Təhsil yox, məktəb yox, səhiyyə yox, xəstəxana yox, iqtisadiyyat yox, ölkədən milyardlarla pul oğurlanıb aparılıb, valyuta ehtiyatları talan edilib,.. amma ölkənin rəhbərliyini ələ keçirmiş birisi bu problemlərlə məşğul olmaq əvəzinə durub iddia edir ki, Əli Kərimli Xalq Cəbhəsinin lideri deyil, Xalq Cəbhəsi də Xalq Cəbhəsi deyil.
Bu nə kindir və nə iddiadır?
Əgər bu qədər kinli və iddialısansa, get Qarabağ problemini həll et və burada sadalanan problemləri sahmana sal ki, millət sənin iddialarına uyğun bacarıq sahibi olduğunu görsün. Bu nə gerizəkalıqdır? Fəaliyyətdə olan partiyalarla savaş, jurnalistlərlə savaş, ictimai-siyasi fəallarla savaş, iş adamları ilə savaş, ziyalılarla savaş… Bu xalqın qüruruna və qanına niyə susayıbsan axı? Nə verdin ki, ala bilmədin? Axı, siz elə nəsillikcə bu xalqdan hər şeyi alıbsız və onu zəlil edibsiz?
Əmin olun ki, bu millətin birləşəcəyi və sizin hamınızı tarixin zibilliyinə atacağı gün uzaqda deyil. Yalnız ondan sonra bu xalq özünə gün ağlaya, azadlıqlarını, iş, həyat, çörək haqqını təmin edə biləcək, Vətənin bütövlüyünü təmin edəcək. Siz bunları edə bilməzsiniz, edə bilmədiniz zatən. Sizin missiyanız talan və qarət idi, ideyanız da, ideologiyanız da bu idi, bu ideya ilə də lillənib qaldınız.
Azərbaycan Xalq Cəbhəsi isə yerindədir! Sizin o ucalıqları dərk etmək üçün zəkanız çatmaz!
Yazı müəllifin feysbuk səhifəsindən götürülüb.