Tanınmış şair-publisist Heydər Oğuz Ədliyyə Nazirliyinin AXCP-nin son qurultayının nəticələrini tanımaqdan imtina etməsinə münasibət bildirib. Heydər Oğuz Facebook səhifəsində nazirliyin addımını belə dəyərləndirir:
AXCP-dən indiyə qədər neçə AXCP çıxartdılar. Bu siyasət indiyə qədər tutmadı, bundan sonra da tutmayacaq. Hakimiyyət anlamaq istəmir ki, ictimai rəy deyilən bir şey var. O, Milli Məclis deyil ki, saxtakarlıqla istədiyin adamı deputat edə biləsən. Hər hansı bir partiyanın mövcud olması üçün onun cəmiyyət tərəfindən qəbul edilməsi lazımdır. Azərbaycan insanı isə öz hökmünü dəfələrlə verib. Nə qədər qondarma AXCP-lərə milyonlarla pul xərclənsə də, əsl AXCP isə yersiz-yurdsuz qoyulsa da, üzvlərinin böyük qismi həbsxanalara atılsalar da, mühacirətə getməyə məcbur edilsələr də, yenə də yaşayır, ölkənin əsas narazı kütləsini öz arxasınca aparır və bundan sonra da aparacaq. Hakimiyyətin tanıyıb tanımaması, Ədliyyə Nazirliyinin bəyənib bəyənməməsi heç nə ifadə etmir. Əsas odur ki, bir partiyanı xalq tanısın.