Qurban Məmmədov: «Heç bir qüvvə AXCP-nin irəliləyişini səngidə bilməz»
Namizəd Səfərov: «Hansı addımlar atdıqlarını heç özləri də bilmirlər»
Hakimiyyətin Razi Nurullayev əməliyyatının daha bir səbəbi dünən bəlli oldu. Ədliyyə Nazirliyi AXCP-nin son qurultayının nəticələrini tanımaqdan imtina edib. Ədliyyə Nazirliyi hakimiyyətə satıldıqlarına görə AXCP-dən qovulmuş 5-6 nəfərin və onların ətrafına pul ilə topladıqları adamların müraciətini bəhanə edərək AXCP-nin son qurultayının nəticələrini, o cümlədən Əli Kərimlinin AXCP sədri seçilməyini qeydə almaq istəmir. Əsas bəhanə isə odur ki, Razi Nurullayev də Ədliyyə Nazirliyinə AXCP “Etimad qurultayı” adı ilə sənəd təqdim edib. Ədliyyə Nazirliyi də “eyni hüquqi şəxsin rəhbər orqanlarının formalaşdırılması barədə bir-birinə zidd olan müraciətlərin daxil olduğunu nəzərə alaraq” AXCP-nin sənədlərini geri qaytarıb. Təkilif edilib ki, “mübahisəli məsələni” həll etmək üçün məhkəməyə müraciət edilsin.
Baş verənlə bağlı hüquqşünasların rəyini öyrəndik. Ekspertlər vurğuladılar ki, Ədliyyə Nazirliyinin bu qərarının heç bir hüquqi əsası yoxdur. Qurultaya qədər AXCP-nin bütün strukturları tam legitim qaydada fəaliyyət göstərib. Partiyanın Ali Məclisi, Ali Məclisin Rəyasət Heyəti, NTK-sı, rayon, şəhər təşkilatları tam tərkibdə fəaliyyət göstərib. Qurultay nizamnaməyə tam uyğun keçirilib. Razi Nurullayevi bəhanə edərək, hökumətin təşkil etdiyi “AXCP Etimad Qurulatayı” adlı şouda nəinki partiyanın strukturlarını təmsil edən, hətta partiyanın real üzvü olan bircə nəfər də iştirak etməyib.
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Qurban Məmmədov bildirdi ki, baş verənlər təsadüfi deyil və əslində gözlənilən idi. Hakimiyyətin bununla nəyə nail olmaq istədiyinin bütün dünyaya bəlli olduğunu deyən Q.Məmmədov vurğuladı ki, hakimiyyət klon AXCP-ni qeydiyyatdan keçirməyə çalışır: “Təsadüfi deyil ki, qanunvericiliyə dəyişiklik etdilər ki, qeydiyyatdan keçmiş təşkilatın adından danışmaq yolverilməzdir. Guya bu yol ilə hakimiyyət Əli Kərimlinin AXCP adı altında danışmaq hüququnu əlindən alacaq. Bütün plan bunun üstündədir. Amma bütün dünya da bilir ki, bu bir dövlət biyabırçılığıdır. AXCP-ni bu yol ilə sıradan çıxarmaq gülüncdür. AXCP deyəndə xalq sədri Əli Kərimli olan təşkilatı tanıyır və bundan sonra da tanıyacaqdır”.
Azərbaycan dövlətinin çoxdan hüquq müstəvisindən çıxmasına rəğmən məhkəməyə müraciət edilməsini vacib sayan Q.Məmmədov bildirdi ki, Ədliyyə Nazirliyi məhkəməyə verilməlidir. “Mövcud AXCP ola-ola onun tərkibindən kiminsə çıxıb, gedib Ədliyyə Nazirliyinə müraciət etməsi iyirmi-otuz illik təşkilatın yoxluğu anlamına gəlmir. Sabah mən gedim bir qrup insanla qurultay keçirim adında qoyum ”YAP-ın etimad qurultayı”. Bundan sonra mən YAP olacam o zaman? Heç bir qüvvə AXCP-nin irəliləyişini səngidə bilməz”, deyə Q.Məmmədov vurğuladı.
Milli Şuranın üzvü Namizəd Səfərov da bildirdi ki, bu gözlənilən hadisə idi. R.Nurullayevin qondarma təşkilatının məhz bu məqsədlə yaradıldığını deyən N.Səfərov vurğuladı ki, Ədliyyə Nazirliyinin simasında hakimiyyətin bu addımına ad vermək çəyindir. Çünki bu qərar hakimiyyətin bütün məsuliyyət hissini itirdiyini göstərir: “Hansı addımlar atdıqlarını heç özləri də bilmirlər. Ədliyyə Nazirliyi ölkənin hüquq sisteminin başında duran bir icra qurumudur. Əgər bu oranın baş bilənləri bu addımı özlərinə rəva bilirlərsə, mənim sözüm yoxdur. Hörmətli Əli Kərimlinin başçılıq etdiyi AXCP bu gün ölkənin ən real aparıcı siyasi müxalifət partiyasıdır. Bu partiya 25 ildir ki, bir istibdad rejimi ilə üz-üzədir. Bütün dünyanın beynəlxalq təşkilatları və qurumları bu partiyanı Azərbaycanın real müxalifət qüvvəsi kimi qəbul edir. Bundan sonra bu ad altında yaradılacaq istənilən partiya saxta qarşılanacaqdır. Əlbəttə ki, Ədliyyə Nazirliyindən başqa”.
N.Səfərovun sözlərinə görə, Ədliyyə Nazirliyi hətta onu da nəzərə almayıb ki, AXCP-nın qurultayı R.Nurullayevin amorf təşkilatından qabaq keçirilib. “Mən, Allah eləməsin bir YAP düzəltsəm Ədliyyə Nazirliyi özünün də yəqin ki, üzvü olduğu partiyasının qeydiyyatını şübhə altına qoyacaqmı ?!”, deyə N.Səfərov vurğuladı.
Xəyal