Mübarizəmizin hər hansı hüquqi statusla bağlılığı yoxdur
Fuad Qəhrəmanlı, AXCP sədrinin müavini
Ədliyyə Nazirliyi AXCP Qurltayının nəticələrini qeydiyyata almaqdan imtina edib. Öz aləmlərində bu yolla guya AXCP-nin hüquqi statusunu şübhə altına alırlar.
Bu ölkədə hər gün tapdayıb, tüprüb hüquq qoymusunuz ki, hələ bir “hüquqi status” anlayışı da olsun? Siz Azərbaycan dövlətini hüquqi təsisat kimi məhv edib, kriminal çətənizin əlində cəza və soyğun apartına çevirmisiniz. Elə buna görə də ölkədə nə prezident, nə Milli Məclis, nə də digər dövlət təsisatları legitim sayılır. Hamısı qanundan kənardır. Hansı dövlət qrumunu qaldırırsan altından qanqsterlər, “bandit” dəstələri çıxır.
Bu ölkədə “Hüquqi status” dediyiniz ədalətli qanunların verdiyi status deyil, sizlərin cəza alətinə, korrupsiya vasitəsinə, yalan və saxtakarlıq üçün zorlayıb çirakaba buladığınız qaydalara əsasən müəyyən olunan statusudur. Bu qaydalar özünə hörmət edən insanların nəzərində, “qədim peşə sahiblərindən” də aşağı, hörmətsiz və natəmizdir. Bu “qanunlarınız” o qədər sürtülüb, etimaddan düşüb ki, sizin saxtakar, oğru simanızı belə gizlətməyə yaramır, onların arxasından gizlənib söylədiyiniz yalana bu ölkədə daha heç kim inanmır.
Xalq Cəbhəsindən, onun lideri Əli Kərimlidən ötrü ən dəyərli status xalqın verdiyi qiymət və inamıdır. Bunu isə nə saxta seçki ilə, nə maddi imkanla, nə də təltiflə qazanmaq mümkündür. Bu yolda Əli bəyin, minlərlə cəbhəçinin bu günə qədər verdiyi qurbanlar, üzləşdiyi təzyiqlər, yaşadığı təhlükələr və imtina etdiyi imtiyazlar qarşsında AXCP-nin formal hüquqi statusu heç vaxt rejimin qanunsuzlqları qarşsında “hüquqi qalxan” ola bilməyib. Ona görə də, bu “hüquqi statusun” olması ilə olmaması arasında heç bir fərq yoxdur.
Biz cəbhəçilər ölkədə həm də gerçək ədaləti təmsil edən, hər kəsə münasibətdə bərabərliyini qoruyub saxlayan qanunların pak ruhunu hakim etmək üçün bu qanunsuz rejimə qarşı mübarizə aparırıq. Məhz belə pak ruhlu qanunları bu ölkədə bərqərar edəcəyimiz gün indiki kimi hüquq örtüyü altında həyat keçirilən ləyaqətsilziklərə də yer qalmayacaq.
Başa düşürük, sizləri qorxudan cəbhəçilər olaraq bizlərin apardığı prinsipial mübarizə və Əli Kərimlinin bu mübarizəyə liderlik etməsidir. Biz bu mübarizəni xalqımıza, vətənmizə sevgi ilə, gerçək hüquqa sayğımıza, ədalətə inamımıza görə aparırıq. Bunun hər hansı hüquqi statusla bağlılığı yoxdur. Bunun qarşsını almaq üçün bizlərin qəlbini, düşüncəsini dəyişmək lazımdır. Buna isə sizin gücünüz yetməz. Bunu anlamdığınız üçün də məğlubiyyətə məhkumsunuz.