Rusiya Ermənistanla birgə hərbi hava hücumundan müdafiə sistemi yaradır
Üzeyir Cəfərov: «Bu da ona işarədir ki, Ermənistan bundan sonra da nə qədər istəsə, Azərbaycanın əsəblərilə oynaya bilər»
Rusiya Ermənistanla birgə hava hücumundan müdafiə sistemi yaradacaq. Rusiya mediasının yaydığı məlumata görə, prezident Vladimir Putin bu barədə müvafiq sərəncam imzalayıb. Sərəncam Qafqaz regionunda hava hücumundan müdafiə sisteminin yaradılması barədə Ermənistanla razılaşmanın imzalanmasını nəzərdə tutur.
Rusiyanın bu addımı Azərbaycana təhlükə yaradırmı? Rusiyanın Ermənistanla birgə əməkdaşlığının hava hücumundan müdafiə sahəsində də möhkəmlənməsi regiona nə vəd edir?
Hərbi ekspert Üzeyir Cəfərov deyir ki, Rusiyanın Ermənistana istənilən dəstəyi bizim üçün ürəkaçan deyil. Ermənistanın 20 ildən çoxdur ki, Azərbaycan torpaqlarını işğal altında saxladığını vurğulayan ekspert deyir ki, rusların dəstəyi olmadan ermənilərin buna nə cəsarət edər, nə də bacarardı. Üzeyir Cəfərovun sözlərinə görə, hava hücumundan birgə müdafiə sisteminin qurulması da Ermənistanın Rusiyanın tabeliyində formal bir dövlət olduğunu təsdiqləyir: “Rusiya məcburdur ki, Cənubi Qafqazda yeganə dayağı olan Ermənistan vasitəsilə öz varlığını regionda sübut etsin. Çünki Gürcüstan və Azərbaycan faktiki Rusiyanın təsir dairəsində deyil. Vaxtilə ölkəmizin Rusiya ilə birgə layihələr həyata keçirməsi, iqtisadi, siyasi və digər məsələlərin gündəmə gətirilməsi Azərbaycanın Rusiyadan asılı vəziyyətdə olması anlamına gəlmir. Lakin Rusiya Azərbaycana münasibətdə özünü çox qeyri-səmimi aparır. Bu, Rusiya xarici işlər nazirinin Ermənistana son səfərində də özünü göstərdi. Lavrov erməni həmkarı Nalbandyanla birgə mətbuat konfransında bir daha bəyan etdi ki, Ermənistan istənilən məsələdə Rusiyaya arxalana bilər. Bu ifadə ona işarədir ki, Ermənistan bundan sonra da nə qədər istəsə, Dağlıq Qarabağ məsələsində Azərbaycanın əsəblərilə oynaya bilər”.
Ekspert Lavrovun Ermənistanda səsləndirdiyi fikirlərlə bağlı Azərbaycan Xarici Işlər Nazirliyinin məlum açıqlamasından da narazılığı ifadə edib. Üzeyir Cəfərov hesab edir ki, Azərbaycan Xarici Işlər Nazirliyinin cavabı qaneedici sayıla bilməz: “Bu açıqlamanın neytral mövqe idi. Orada Rusiyanın işğalçı Ermənistanın yanında olduğu vurğulanmır. Ermənistanın Rusiya tərəfindən dəstəklənməsi, maddi və mənəvi kömək göstərilməsi bu anlama gəlir ki, Rusiyanın Dağlıq Qarabağ probleminin həllində indiyədək ortaya qoyduğu fikirlər qeyri-səmimi olub və biz bundan sonra da ona arxalana bilmərik. Bu amili nəzərə alaraq, Azərbaycan tərəfi lazım olan addımları atmalıdır”.
Üzeyir Cəfərovun fikrincə, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk Qrupunda təmsil olunan Amerika və Fransa Rusiyanın sərgilədiyi, həmsədrlik fəaliyyətilə bir araya sığmayan bu mövqeyinə, addımlarına öz münasibətini bildirməlidir: “Rusiyanın son addımları onu deməyə əsas verir ki, bundan sonra da ölkəmizə qarşı işğalçılıq siyasətinin davam etdirilməsi qaçılmaz olacaq. Rusiya belə bir mövqedə dayanıbsa, deməli danışıqlar müddət mənasız olacaq, ATƏT-in Minsk qrupunun səyləri heç bir nəticə verməyəcək”.
Nigar