Bizim bu olaylara hazırlıq səviyyəmiz «sıfrın altındadır»
Qənimət Zahid
İranda işlər qarışdı. Beynəlxalq siyasətin gerçəkləri İran ətrafında geosiyasi münasibətləri yumşaltdığı anda, İranda xalq ayaqlanmaları başlayır. Amma bunu, İran ətrafındakı indi siyasi gerçəklərlə tam olaraq bağlamaq da axıra qədər doğru sayılmaya bilər. Çünki, İran hələ dünyaya hələ o qədər açılmayıb, dünya da, Avropa dövlətlərinin bir-iki heyətinin səfərindən o yana dünyanı hələ qəbul etməyib. İranda, Güney Azərbaycanda baş verən bugünkü proseslər İran Islam Inqilabının şah zamanından miras aldığı və heç zaman həll edə bilmədiyi problemlərin davamıdır. Xatırlamaq çətin deyil ki, son 15-20 ildə Güney Azərbaycan əhalisinə qarşı etnik antipatiyanın nümayiş etdirilməsi hansı miqyaslı xalq etirazlarını doğurur. Bu, həmin dalğaların təkrarıdır.
Hələ 30-cu illərdə Müstafa Kamal Atatürk demişdi ki, türk xalqları öz istiqlalına qovuşacaq, amma əsas məsələ budur ki, biz o zaman buna hazır olacağıqmı? Bu sual indi də aktualdır. Həm də Güney Azərbaycanda başlayan proseslərlə deyil, bütünlükdə, türk coğrafiyasında olan proseslərin kontekstində.
“Millət və ya ümmət kolluğu”
İranla bağlı məsələ aydındır. Özünün “Islam Respublikası” elan edirsən, şəriət yönümlü dövlət qurursan və “millət” deyil, “ümmət” anlayışına rəsmi status verirsən və sənə elə gəlir ki, etnik problemləri həll etdin. Bu, özünü aldatmaqdan başqa heç nə deyil. Ona görə ki, dinindən asılı olmayaraq, bütün insanlar və xalqlar, ilk növbədə özlərini etnik mənsubiyyətləri ilə tanıyırlar. Tarix boyu heç bir din etnik mənsubiyyət qədər birləşdirici faktora çevrilə bilməyib. Hansısa mərhələdə, sırf taktiki, keçici mülahizələrlə ortaq məxrəcin tapılmasına yardım edə bilib, amma uzunmüddətli birlik formatı ola bilməyib. Heç zaman da ola bilməyəcək. Bunun astarı da var. Tarix boyu baş verən münaqişələrin olduqca az faizi dini münaqişə zəminində baş verib, bütün digər hallarda isə etnik maraqlar və milli özünüdərk dünya müharibələrinin səbəbi olub.
Bu, bir “uşaq söhbəti” deyil
Əvvəlki ayaqlanmalar zamanı İran rejimi əsasən polisin dili ilə danışırdı. Hətta, məşhur “tarakan olayı”nda da İran hökumətinin açıqlamaları “tarakan” qələtini edənlərdən daha çox, kütlələri öz milli heysiyyətini qorumağa vadar edən səbəblərin kökündə təxribat elementlərini axtarmağa üstünlük verirdi. Bu dəfə isə, proseslərin ani başlanğıcından etibarən hökumət tam sürətlə geri çəkildi, proqramın bağlandığını (müvəqqəti olaraq), proqramı hazırlayanların cəzalandırılacağını bəyan etdi.ÿYalnız iki gün sonra öz dişlərini göstərməyə başladı. Ona görə ki, bu prosesin altına qoyulan dinamitin gücünü anlayırlar və bilirlər ki,ÿməsələ bir uşaq proqramında deyil, çünki bu, bir uşaq söhbəti deyil. Istəsək də, istəməsək də, İranda Azərbaycan türklərinə rəsmi münasibət farsların “üstün millətçilik” anlayışlarından qidalanır. Azərbaycanlılar isə İranda etnik azlıq- filan deyil. Ölkənin say etibarı ilə dominant xalqıdır, yerli əhalisidir, iqtisadiyyatın qurulmasında mühüm rolu olan toplumudur. Əgər İran rejimi mahiyyətini dəyişə biləcək proseslərin başlaya biləcəyini təsəvvür etsək, şübhəsiz, bu proseslərin yalnız Azərbaycandan (söhbət Güney Azərbaycandan gedir) başlana biləcəyini və elə oradan da həll ediləcəyini qətiyyətlə söyləmək olar. Bunun bir çox səbəbləri var. Görünür, bu səbəblərin əvvəlində onu qeyd etməliyik ki, İran hökuməti heç bir zaman Azərbaycan türklətini “terrorçu”, “bölücü”, “separatçı” kimi epitetlərlə dünyaya təqdim edə bilməz. Azərbaycan türkləri ölkənin əsas və yerli xalqı olaraq “bölücü” ola bilməz, öz taleyini həll etmək əzmi nümayiş etdirə bilər; Azərbaycan türkləri terrora meylli deyillər və son 100 il ərzindən onların təşəbbüsü ilə başlayan bütün proseslər, hətta silahlı mübarizə halları da, terrorla əlaqəsi olmayan inqilabi proseslər olub; Azərbaycan türkləri regionun başqa toplumlarından fərqli olaraq, daha çox, praqmatik siyasi mübarizəyə və intellektlə idarə edilən, nəticəsi proqnozlaşdırıla bilən hadisələri yaradıblar.
İranda antitürk isterikası
Digər tərəfdən, etiraf etmək lazımdır ki, İranın hakim siyasəti türkləri həmişə aşağılamaqla yalnız ölkə daxilindəki türkləri “küncə qısnamaq” məqsədi güdməyib (amma bu da ciddi amil olub), eyni zamanda qonşuluqda yerləşən və İranın regional maraqlarını “vuran” Türkiyəyə qarşı da ictimai rəy formalaşdırmağa çalışıb. Şiə İran üçün sünni Türkiyə əks-təbliğatın bir nömrəli hədəfi və ən yaxın “xarici düşmən” obrazının yerini doldurub. Lakin, belə görünür ki, İran, hətta şəriət dövləti quran İran da özünün hüdudları daxilində Türkiyə əleyhinə ictimai rəy yarada bilməyib. Daha dünyəvi dövlət modeli olan Türkiyə İrandan olan sadə xalqın da, İran elitasının da açıq və ya gizli həsəd ünvanıdır. Buna görə də, İran təbliğatının strategiyasını quranlar zaman-zaman çıldırıb türkləri daha artıq dozada təhqir etməklə boşluğu doldurmağa çalışırlar, amma göründüyü kimi, çox tərs nəticələr yaranır…
İran kanalları türkləri sərhəd daxilində söyürmü?
Biz bu prosesə hazırıqmı? Axı, söhbət bizim xalqımızın dirənişindən və istiqlal uğrunda mübarizəsindən gedir. Biz, bu prosesləri qarşılamağa, onun məqsədlərinə xidmət etməyə hazırıqmı?
Indi mətbuatda, sosial şəbəkələrdə bəzi qeydlərə rast gəlirəm. Sadəlövh vətəndaşlar ərklə (yaxud da, elə xüsusi məqsədlərlə) yazırlar ki, məsələn, “Hacı Taleh Bağırzadə oradakı proseslərlə bağlı öz mövqeyini bildirsin” və sairə. Hacı Taleh və ya Azərbaycanın dini camiəsinin simasını müəyyən edən başqa şəxslərin İranda baş verən proseslərə münasibət bildirməsi kimlər üçünsə önəmli ola bilər. Amma mən bu məsələlərə bir qədər başqa rakursdan yanaşıram. Azərbaycan cəmiyyəti İranda, Güney Azərbaycanda baş verən prosesləri qarşılamağa hazırdırmı? Prezidentdən tutmuş, cəmiyyətin dərinliklərinə, vətəndaş cəmiyyətinə qədər?
Məsələ burasındadır ki, prezident Azərbaycanda vətəndaş cəmiyyətinin əsaslarını məhv edən siyasət aparıb. Bizim milli təhlükəsizliyimiz onu tələb edərdi ki, Azərbaycan cəmiyyəti Güney Azərbaycandakı proseslərin gedişinə ən azı, loqistik dəstək göstərə biləcək gücdə olsun. Amma bizim cəmiyyətimiz heydən salınıb, onun gücü yoxdur. Hacı Talehdən və ya başqalarından “münasibət!” tələb edənlər Azərbaycanın rəsmi informasiya vasitələrindən də münasibət tələb etməlidirlər, prezidentdən də, hökumətdən də. Axı, söhbət Azərbaycan türklərinin təhqir edilməsindən gedirsə və İranda zaman-zaman azərbaycanlılara qarşı göstərilən bu cür yaramaz münasibət də Araz çayını sərhəd olaraq göstərmədiyi üçün bizim cəmiyyət özünün bütün strukturları ilə adekvat münasibət bildirməyə hazır olmalıdır. Hazır deyil. Onun bütün hazırlıqları məhv edilib. Bizim cəmiyyət, heç Araz çayının şimalında da öz sosial simasını müdafiə edəcək gücdə deyil…
Güney Azərbaycan olaylarını şimala buraxmamaq missiyası!
Dövlət bu proseslərə hazırdırmı? O cümlədən, Türkiyə dövləti, Orta Asiyanın türk dövlətləri? Axı, bir dövlətin rəsmi televiziya kanalında (İranda, eynən Azərbaycanda olduğu kimi, müstəqil informasiya siyasəti qura biləcək özəl TV kanalları yoxdur) türklər davamlı olaraq təhqir edilirsə və oradakı türk camiəsi bu həqarətə qarşı etiraz edirsə, deməli, bu, özünü yekə-yekə, “Türk” adlandıran bütün Türk siyasilərinin və cəmiyyətlərinin qayğısı olmalıdr. “Köçəri” filmini çəkdirmək üçün neft pullarını səpələməkÿolar, ammaÿbir az da müasir türk toplumlarının və xalqlarının təəssübünü çəkmək lazımdır. Bəyəm prezidentlər kartof-zaddırlar, yerdən çıxıblar, onların milli mənsubiyyəti və milli heysiyyət duyğuları olmamalıdır?
Türk dünyası türk toplumlarının və xalqlarının istiqlal və müasir dəyərlər uğrunda mücadiləsini tənzimləmək gücündə deyil. Türk dövlətlərinin siyasətini yürüdən liderlərin böyük əksəriyyəti başqa bir imperiyanın vassallığını şəxsi hakimiyyətlərini uzatmaq naminə qəbul ediblər və həmin zamandan da onların bu millətlər üzərində hökmranlığı milli hakimiyyət deyil, işğal hakimiyyətidir.
Amma vəziyyət o qədər də bədbinlik saçacaq həddə deyil. Indi Güney Azərbaycanda baş verən hadisələr ən azı, Azərbaycan Respublikası və Türkiyədə ictimai təpərin artmasına səbəb olmalıdır. Orada baş verməkdə olan proseslər Şimali Azərbaycanda milli dəyərlər uğrunda,- o milli dəyərlər ki, avtoritar rejim onları hər gün bir az daha dərində basdırmaq istəyir,- mübarizəyə əlavə stimul verə bilər. Buna görə də, hesab edin ki, Azərbaycanın rəsmi informasia kanallarında Güney Azərbaycan məsələlərinə yer verilməməsi və rəsmi açıqlamaların olmaması, sadəcə, “regionun lider dövlətinin” İrandan qorxusuna görə deyil, həm də bu hadisələrin bizim ölkəmizin daxilinə pozitiv təsiri qarşısında qorxudur.
Prezidentlər, özəlliklə də, gözünü neft və qaz pulları tutan prezidentlər türk dünyasının sabahı barədə düşünməyə bilərlər, onlar başqa dünyanın adamlarıdırlar, amma xalq bu prosesləri diqqətlə izləməlidir. Diqqətlə və təəssüb hissi ilə.