Fikrət İsrailov: «Qardaşım oğlu könüllü olaraq, Vətənə xidmətə getmişdi, ancaq onu öldürdülər…»
“Zəng vurdular, dedilər, ”özünü gülləylə vurub”. Meyiti açıb tökəndə gördük ki, kürəyində 3 güllə yarası var. Adam özünü kürəyindən 3 gülləylə necə vura bilərdi?” – bu sualı verən isə noyabrın 7-də Tovuzun Ağdam kəndindəki N saylı hərbi hissədə müəmmalı şəkildə dünyasını dəyişmiş əsgər Məhəmməd Siraclının əmisi Fikrət Israilovdur.
Fikrət Israilov “Azadlıq” radiosuna açıqlamasında bildirib ki, qardaşının 19 yaşlı oğlunun intihar etdiyinə inanmır, onun qətlə yetirildiyini düşünür. Onun sözlərinə görə, həmin gün hərbi hissədən ailə üzvlərinə zəng gəlib. Bildiriblər ki, Məhəmməd özünü silahla vurub: “Dedilər, onu Gəncədəki 3 saylı xəstəxanaya aparıblar. Biz də Gəncəyə yola düşdük. Morqa qoymuşdular. Meyiti açıb tökdük, baxdıq ki, uşağın kürəyində 3 güllə yarası var. Dedik, ”bu özünü necə vurub ki, güllə izləri kürəyindədir?” Adam öz kürəyinə necə atəş aça bilərdi? Sağ sinəsində, dodağında, boynunda qaraltılar vardı. Suallarımızı cavabandırmağa bir səlahiyyətli adam tapılmadı. Meyiti götürdük, gəldik”.
Fikrət Israilov deyir ki, Məhəmməd gözdən əlil kimi Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində qeydiyyatda imiş. Hətta əlil kimi təqaüd də alırmış. Hərbi xidmətə isə könüllü gedib: “Çox istəyirdi ki, o da əsgər olsun, vətənə xidmət etsin. Aparmaq istəmirdilər, özü bir neçə dəfə hərbi komissarlığa getdi. Nəhayət, bu il aprelin 10-da hərbi xidmətə yollandı. Vətənə xidmətə getmişdi, ancaq onu öldürdülər. Nəşini götürüb kəndə qayıtdıq. Yuduq, kəfənlədik… Hərbi hissədən bir neçə əsgər gəlmişdi. Hərbi hissə rəhbərliyindən heç kəs gəlməmişdi. Fikrimizdə vardı ki, bir rəsmi adam ortaya çıxıb məsələyə aydınlıq gətirməyənədək dəfn etməyək. Ancaq mərhumun nəşini incitmək istəmədik, günortadan sonra torpağa verdik”.