MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş Idarəsinin rəisi, general-mayor Akif Çovdarov tutduğu vəzifədən azad edilib və ciddi nəzarət altına alınıb. Onun yaxın günlərdə həbsə atılacağı gözlənilir.
Strateq.az-a MTN-ə yaxın mənbələrdən daxil olan məlumata görə, indiyədək həbs olunan MTN əməkdaşlarının əksəriyyəti qeyri-qanuni göstərişlərin bir çoxunu həm də birbaşa general-mayor Çovdarovdan aldıqları haqda ifadələr veriblər və artıq onun həbsi üçün kifayət qədər dəlil-sübutlar toplanıb.
Eyni zamanda, təhlükəsizlik məqsədiylə adları hələlik cəmiyyətə açıqlanmayan xeyli sayda iş adamı da Baş Prokurorluğa və Prezident Administrasiyasına ünvanladıqları şikayətlərində birbaşa məhz general Akif Çovdarovun onlara hədə-qorxu gələrək, milyonlarla vəsaitlərini və əmlaklarını əllərindən aldığını bildiriblər.
Məlumata görə, həm bu adamların, həm də həbs olunan MTN əməkdaşlarının dindirilməsi zamanı ortaya təkcə MTN-dəki məlum dəstənin sahibkarları necə soyub-taladıqlarının ağlagəlməz mexanizmi çıxmayıb, həm də sensassiya sayılacaq başqa bir mühüm fakt da aşkarlanıb. Bəlli olub ki, Çovdarovun özünün ayrıca adam oğurluğu ilə məşğul olan böyük bir dəstəsi və bu dəstənin MTN-dən kənarda, Bakının heç kimin ağlına gəlməyəcək yerində gizli həbsxanası da olub.
Məlum olub ki, MTN-dəki məlum dəstə pul almaq məqsədiylə keçirdikləri əməliyyatlar barədə informasiyanın kənara sızmaması üçün xeyli sayda adamı – xüsusən də ayrı-ayrı vəzifəli şəxslərlə qohumluq əlaqələri olan imkanlı şəxsləri məhz MTN binasından kənarda yerləşən bu gizli həbsxanaya gətirərək, əvvəlcədən dinləmə və izləmə vasitəsiylə topladıqları rüsvayedici kompromatları nümayiş etdirir, sonra da qarşılığında külli miqdarda pul tələb edirmişlər. Həmin şəxslər də dinməzcə tələb olunanı verib canlarını qurtarır, heç haraya gətirildikləri, hansı qurum tərəfindən saxlandıqları barədə belə nəinki hər hansı məlumata, hətta cüzi təsəvvürə də malik olmurmuşlar.
Əldə edilən məlumatlara görə, Çovdarova bu işlərin görülməsində təkcə MTN-dəki dəstəsi yox, Rusiya və Gürcüstanın “cinayət aləmi”ndəki şəbəkəsi də böyük köməklik göstərib və faktiki, onlar bütün bu qaranlıq işlərində əlbir fəaliyyət göstəriblər.
MTN-də 3 ay saxlanılan “Polad Ələmdar” kimdir?
Eldar Mahmudov dönəmində sözügedən güc strukturunda baş verən qanunsuzluqlarla bağlı Moderator.az-a da ilginc məlumat daxil olub. Məlumata görə, Sədərək Ticarət Mərkəzində iş adamlrını etab-etab MTN zirzəmisinə dolduran və onların axırıncı qəpiyini əlindən alandan sonra azadlığa buraxan Mahmudov komandası, bir çox hallarda heç bir maddi gücü olmayan, sahibkarlıq fəaliyyətindən tamamilə uzaq fəhlə və xidmətçiləri də MTN zirzəmisinə “qonaq edir”, “nə olar-nə olmaz” deyib onları da bir-bir dişə vurmaqla “5-10 manat” qazanmağa cəhd edib ki, bu qəbildən olub Mahmudovçuların zavalına gələn şəxslərdən biri də Balaşirin Babayevdir.
Mənbənin sözlərinə görə, Sədərək bazarında arabaçı işləyən bu şəxs 2013-cü ilin sentyabr ayında heç bir əsas olmadan həbs edilərək MTN-ə gətirilib və 3 ay həbsdə saxlanılıb. Ailəsinin gündəlik dolanışığını Sədərək bazarında araba sürmək, fəhləlik etməklə təmin edən Balaşirin Babayevə MTN-də bildirilib ki, o, “Qurdlar vadisi” filmində olduğu kimi, cinayətkar dəstə yaratmaq, kriminal “razborka”ları həll etmək, banda yaradaraq soyğun və qətllər həyata keçirməkdə təqsirəndirilir.
Eşitdiklərindən şok olan Balaşirin Babayev MTN əməkdaşlarını inandırmağa çalışıb ki, o, adi bir fəhlədir və sadalanan əməllərdən hər hansı birini həyata keçirmək fikrində və iqtidarında olmayıb. Lakin nəyin bahasına olursa-olsun arabaçıdan pul qoparmağı qarşısına məqsəd qoyan MTN-dəki müstəntiqlər Balaşirin Babayevi inandırmağa çalışıblar ki, o kriminal aləmdə böyük nüfuz sahibi olan bir şəxsdir və ləqəbi də məhz Polad Ələmdardır.
Mənbənin sözlərinə görə, arabaçıya psixoloji təzyiq etmək üçün aylarla həbsdə saxlanılan əməliyyatçılar və müstəntiqlər də Balaşirin Babayevi Polad Ələmdar deyə çağırıb.
Mahmudov komandası 3 aylıq əziyyətdən sonra “Polad Ələmdar”ın bir qara qəpiyə də sahib olmadığına, qohum-əqraba arasında kimsənin “irəli durub” onun azadlığı üçün “azdan-çoxdan” heç nə təklif etməyəcəyinə əmin olur. Yalnız bundan sonra Balaşirin Babayevə ailəsinin yanına qayıtmağa icazə verilir.
Eldar Mahmudovun 80 qohumu və yaxın adamı MTN-dən çıxarılıb
Eldar Mahmudov milli təhlükəsizlik naziri vəzifəsində çalışarkən MTN-ə qohum-əqrəbalarını da yerləşdirilib. Jurnalist Eynulla Fətullayevin haqqin.az saytında dünən dərc olunmuş məqaləsində deyilir ki, Eldar Mahmudov MTN-ni az qala şəxsi cəza aparatına çeviribmiş. Jurnalistin yazdığına görə, ölkənin milli təhlükəsizlik sistemində Eldar Mahmudovun nə az, nə çox – düz 80 qohumu, yaxını və dostu işləyirmiş. Onların hamısının artıq nazirlikdən qovulduğunu bildirən Eynulla Fətullayev bu qənaətə gəlir ki, nazirliyi özünə yaxın sədaqətli adamlardan ibarət cəza aparatına çevirmiş Eldap Mahmudovun burada əsas məqsədi dövlətin maraqlarını və təhlükəsizliyini yox, öz şəxsi imperiyasını qorumaq olub.
Eldar Mahmudovun cinayətlərinin sivil dünyada analoqunun olmadığını vurğulayan jurnalist xüsusi xidmət orqanlarının bu cür kriminallaşması hallarına yalnız bəzi Afrika və Latın Amerikası ölkələrində rast gəlindiyini yazır.